Vətən müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Xəqani Məmmədov olub. Vətən müharibəsi başlayanda Xəqani Məmmədov 6 ayın əsgəri olub.
O, müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Yaxınlarının sözlərinə görə, o, hər zaman şəhidlikdən danışar və "şəhidliyin zirvəsi ucalıqdır" deyərdi. Döyüşlər vaxtı valideynləri ilə telefonla danışarkən də tezliklə evə gələcəyini bildirib.
Suqovuşan istiqamətində döyüşlərdə iştirak edən Xəqani Məmmədov hər zaman şücaəti və cəsurluğu ilə seçilib. Oktyabrın 4-də qumbaraatanla düşmən səngərinə bir neçə qumbara atıb. Özü də səngərə hücum edərkən minaatan mərmisinin qəlpəsindən şəhidlik zirvəsinə ucalıb. Ailəsi onun bədənindən çıxarılan qəlpələri yadigar olaraq saxlayır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Məmmədov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olması", "Suqovuşanın azad olunması", "Vətən uğrunda" medalları ilə təltif edilib.