Ömrünün 36-cı ilində halal torpağı uğrunda şəhidlik zirvəsinə ucalan, böyük bir xalqın qürur yerinə çevrilən qəhrəman Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirəndən sonra ordu sıralarına yola düşür.
2004-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən hərbi hissəsində müddətdən artıq xidmətə başlayır. Əsas amalı da Vətəninin şərəfini uca tutmaq, Azərbaycanın əzəli torpaqlarını azad etmək idi. 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu zərbələr bir daha Mirzənin necə hünərli və vətənpərvər olduğunu göstərir.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 44 gün davam edən, şanlı zəfərimizlə başa çatan Vətən Müharibəsində ürəyindən keçən qisasını erməni cəlladlardan ala bilir. Müharibə başlayan andan kamil bir hərbçi kimi döyüşə atılır. Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mirzə 30 ilə yaxın düşmən tapdağına dönən ulu yurd yerimiz Qarabağın bir çox yüksəkliklər və yaşayış məntəqələrin alınmasında iştirak edir. Oktyabrın 2-də Talış istiqamətində şəhadətə qovuşur. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.
Mirzə Musa oğlu Axundov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülür.
Ağasəlim Axundzadə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, Vətən müharibəsinin şəhidi Mirzə Axundovun 3 övladından biridir. O, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. AzVision.az düşərgənin açılışı zamanı şəhid övladı ilə söhbətləşib . A.Axundzadə atası ilə bağlı həzin xatirələrini bölüşüb.
- Atam övladlarına qarşı çox səmimi idi. Çalışırdı ki, xətrimizə dəyməsin. İşi ilə əlaqədar biz onu çox az görürdük. Daim ön cəbhədə olurdu. Buna görə də tez-tez görüşə bilmirdik, ancaq zəngləşirdik. Uşaqlarını sevən və zarafatcıl biri idi. O, Vətən Müharibəsində Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
- Atanla sonuncu dəfə nə zaman görüşə bildin ?
- Sonuncu dəfə atamı mənim doğum günümə gələndə gördüm. Mənə qarşı çox mehriban və səmimi idi. Biz bir-birimizi çox istəyirdik.
- Sənə nə hədiyyə etdi? - Qol saatı. Bilirdi ki, saatlara qarşı marağım var. İndi də o saatı saxlayıram. Sınmasın, xarab olmasın deyə evdə qoymuşam. Onun mənə hədiyyə etdiyi hər şeyi qoruyuram. Hətta aldığı kitabları da.
- Atan səni hansı peşənin sahibi görmək istəyirdi? - Mən də böyüyəndə onun yolunu davam etdirəcəyəm. Atama layiqli övlad olacağam.
- Atan səsini eşitsəydi, ona nə deyərdin ? - Səni çox istəyirəm, ata. İnşallah, cənnətdə yaxşı istirahət edərsən.