2021/04/85590-6474567604.jpg

line
Adı: Rəşid
Soyadı: Həmidov
Ata adı: Pərviz
Doğum tarixi: 19.09.1999
Şəhid olub: 07.10.2020
Rütbəsi: Kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Həmidov Rəşid Pərviz oğludur.

Rəşid Həmidov 1999-cu il sentyabr ayının 19-da Siyəzən şəhərində anadan olmuş, 2007-ci ildən 2016-cı ilədək Siyəzən şəhər 6 saylı məktəb liseydə təhsil almış, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dəmir Yol Liseyinə daxil olaraq 2019-cu ildə həmin peşə liseyini maşinist ixtisası üzrə bitirmişdir.
2019-cu ilin iyul ayının 2-də hərbi xidmətə çağırılan Rəşid, vətənini qorumaq eşqi ilə Tərtər rayonunda hərbi xidmətə başlayır. Fəal xidməti, diribaşlığı, qorxmazlığı, igidliyi ilə diqqəti cəlb edən Rəşid Həmidov kiçik çavuş adına layiq görülür.
Xidmət etdiyi bir il üç ay ərzində manqa komandiri kimi fəaliyyət göstərir. Hərbi xidmətinin bitməsinə 3 ay qalmış Vətən müharibəsi başlayır.
Böyük dəyanət hissi ilə döyüşlərə qatılan Rəşid Həmidov II Qarabağ Müharibəsində bütün gücü ilə ləyaqətlə vuruşur, neçə-neçə düşmən hərbçisinin, əsgərinin, döyüş sursatlarının məhv edilməsində iştirak edir, yaralı əsgərləri döyüş zonasından çıxararaq xilas edir. Özü isə, alın yazısından qaça bilmir.
Nə qədər döyüşkən, cəld olsa belə müharibənin ağır fəsadından yayınmaq mümkün olmadı. 2020-ci il oktyabrın 7-də Goranboy uğrunda gedən döyüşlər zamanı vurularaq 21 yaşında şəhidlik zirvəsini fəth edib şəhadətə qovuşur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Övlad itkisi, həm də yeganə oğulun yoxluğunu hiss etmək böyük, ağır dərddir, ömürlük sinə dağıdır. İndi bütün şəhidlərimizin yaxınları kimi, Rəşid Həmidovun da ata, ana və bircə bacısı Yeganənin də bir üzü ağlayır, bir üzü­­­­­ gülür. Çünki bu ağır itkilərin böyük təskinlikləri var. Əvvəla, şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Ən əsası isə Rəşid kimi oğullarımızın qanı yerdə qalmayıb. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ artıq ordumuzun, əsgərlərimizin şücaəti, Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində geri qaytarılmışdır. Şəhidlərimizin ruhu şad, qazilərimizin qəlbi rahatdır. Valideynlər isə, vətən uğrunda doğma torpaqlarımızın düşmən tapdağından azad olunması naminə canlarından keçən igid övladları ilə fəxr edirlər. Ailədən gələn iti mənəviyyat və yüksək düşüncə, vətənpərvərliktəməli qoyulan övladlarımızla hər birimiz qürur duyuruq. Xalqımız onları heç vaxt unutmayacaq!...

Öz qanları ilə tarix yazan şəhidlərimiz kimi Rəşid Həmidov da gəncliyinə baxmayaraq, əsilhəyat naminə risk etməyin vacibliyini anlayaraq, ölümün gözünə dik baxdı, özü şəhid olsa da vətənin gələcəyini düşündü və qalib ölkənin qalib şəhidinə çevrildi. Ruhu şad olsun!...