2021/09/pervi-1632600152.jpg

line
Adı: Balabəyov
Soyadı: Pərviz
Ata adı: Tofiq
Doğum tarixi: 14.06.1987
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Pərviz Tofiq oğlu Balabəyov 14 iyun 1987-ci ildə Hacıqabul rayonunda anadan olub. 2 qardaş və 1 bacı olmaqla, ailədə 5 nəfər olublar. 1993-cü ildə Hacıqabul rayon Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib və 2004-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub.

2005-ci ildə Pərviz Hacıqabul rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tovuz rayonunda yerləşən hərbi hissəyə göndərilir. 2007-ci ildə xidmətini başa vurduqdan sonra evinə, ata-anasının yanına qayıdır və qaz xətlərinin yenidən qurulma işində qaynaqçı vəzifəsində çalışmağa başlayır. 2011-ci ildən etibarən ölkənin müxtəlif şəhər və rayonlarında su xətlərinin çəkilməsində baş usta vəzifəsində işləyir.

Pərviz ərəb dilini sərbəst bildiyindən, “Qurani Kərim”i orijinaldan səlis şəkildə oxuyurdu.

Ürəyi Vətən, torpaq sevgisilə döyünən Pərviz könüllü olaraq müddətdən artıq hərbi xidmət etmək qərarına gəlir və 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, BMP zirehli texnikasında tuşlayıcı vəzifəsində xidmət etməyə başlayır. Xidməti dövründə komandanlıq tərəfindən müxtəlif medallarla təltif olunur.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Pərviz 2020-ci il sentyabr ayının 27-dən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində də iştirak edir və ilk döyüş yolu Cəbrayıl istiqamətindən başlayır. O, düşmənin dörd zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv edir. Müharibənin ilk günündə göstərdiyi qəhrəmanlıqlarla adını qızıl hərflərlə tarixə yazaraq, şəhadətə ucalır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Hacıqabul rayonuna gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır.


Şəhidin bacısı Günel xanım qardaşı Pərvizi belə xatırlayır: "Atamızı 2004-cü ildə yol qəzasında itirmişik. Qardaşım çox mərd, qeyrətli bir oğul idi. Bizim üçün çox əziyyətlər çəkib. Çox vətənpərvər bir insan idi. Şəhid olmağı arzulayırdı. Hər dəfə "Görəsən, mən nə vaxt şəhid olacağam?" ,- deyirdi. Son danışığı müharibə başlamamışdan bir gün öncə - sentyabr ayının 26-da anamız ilə oldu. Müharibədən heç nə danışmadı, sadəcə "Ana, özündən muğayət ol, özünə yaxşı bax, Allaha əmanət ol" ,- dedi. Özünə arzuladığı şəhidlik məqamına çatdı. Mən qardaşımla fəxr edirəm".

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Hacıqabul rayonunda anadan olan Pərviz Tofiq oğlu Balabəyov ölümündən sonra "Füzulinin azad olumasına görə","Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.