Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Tacir Muradlı oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.