Şəhid gizirimiz Xudayar Yusifzadə 44 günlük Vətən Müharibəsi Salnaməsinə adını yalnız göstərdiyi şücaətlərlə yox, həm də "Vətən yaxşıdır" mahnısını özü kimi bir Dastana döndərməklə yazdı.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Dünyaya göz açandan cəmi 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atası Müslüm kişini itirib. 3 qardaş və bir bacının böyüdüyü Yusifzadələr ailəsində 4 uşağın sonbeşiyi olan Xudayar Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Xudayar Yusifzadə Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb. Tovuz döyüşlərindən sonra könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib.
Füzuli azad edildikdən sonra orada yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlayır. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak edir. Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə şücaətlə vuruşur. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə iştirak edir. Zəngilanın Ağbənd kəndinin azad olunmasında qəhrəmanlıq nümunəsi göstərən Xudayar yaralanmasına baxmayaraq, düşmənin canlı qüvəsini məhv edir. Aldığı ağır yaradan həlak olan cəsur hərbçimiz şəhidlik zirvəsinə yüksəlir.
"Vətən yaxşıdır"
Döyüşlərdən iki gün öncə böyük şairimiz Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünün videogörüntüsünü çəkir. Əminliklə deyə bilərik ki, ölkədə həmin kadrları görməyən insan yoxdur. Bu mahnını harada eşitsək, qulağımıza Xudayarın gözəl səsi və şirin avazı gəlir, gözümüzün önündə işıqlı, mehriban, doğma siması canlanır.
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı, 25 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltid edilib.
2020-ci ildə heykəltaraş Jalə Əliyeva tərəfindən büstü hazırlanıb.
* * *
2021-ci ilin 21 sentyabrında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.
Şəhid övladlarının könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuması hər kəsi kövrəldib. Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunublar. Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə, Şuşa dağlarına gülab səpərək, dualar oxuyublar.