Şəhid Cəlal İslamov 2001-ci il iyul ayının 3-də Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. Orta təhsilini Gülümbala Rəsulov adına Çarxı kənd tam orta məktəbində alıb. Tələbə adını qazanan Cəlal birinci kursu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda isə həmlə qruplarında düşmən üzərinə atılan qəhrəman döyüşçülərimiz sırasında yer alıb.
“Övlad itkisi çox ağırdır. Amma şəhid anası olmaq qürurludur. Çünki Vətənimiz düşmən tapdağından azad olundu. Məktəbdə bütün tədbirlərdə bayraqdar Cəlal olardı. Məzun günü müəlliməsi ona bayrağımızı Şuşada dalğalandırmağı arzulayıb. Cəlal Qərbi Kaspi Universitetinin Kollecində təhsil alırdı. 18 yaşı tamam olanda hərbi xidmətə yollandı. Müharibə vaxtı əlaqə saxlayanda döyüşlərdə iştirak etdiyini bildirdi. Amma xahiş etdi ki, başqa heç nə soruşmayaq. Sonra şəhid olması xəbərini aldıq. Mən oğlumla qürur duyuram”,- deyə şəhidin anası Sevda İslamova söyləyib.
Cəlal İslamovun cəbhənin Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak edib. 19 yaşlı döyüşçü oktyabr ayının 7-də yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhid Cəlal İslamov doğulub boya-başa çatdığı Çarxı kəndində dəfn olunub. Çarxı kəndi Vətən müharibəsində iki şəhid verib.
İyulun 3-də ailəsi Cəlal İslamovun 22 yaşını qeyd edib.
“Mən qardaşımla fəxr edirəm. Cəlal Vətən yolunda şəhid olub. O mənim qardaşım, arxam, dayağım idi. Bütün şəhidlər mənim qardaşımdır. Onların hamısı ilə qürur duyuram. Allah onlara rəhmət eləsin. Onlar torpaqlarımız uğrunda şəhid olublar”, - deyə şəhidin bacısı Günel Məlikova söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra
"İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif edilib.