Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Tale Qadir oğlu Şirinovdur.
Tale Şirinov 21 noyabr 1996-cı ildə, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. O, 2003-cü ildə Çuxur Qəbələ kənd Ə. Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Orta təhsilini həmin məktəbdə alıb.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini Murovdağda kiçik çavuş olaraq bitirib.
Azərbaycan Ordusunun kiçik çavuş olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Tale oktyabrın 5-i sonuncu dəfə həyat yoldaşı ilə danışıb və tezliklə gələcəyini deyib.
Anası Briliant Şirinova Taleyin heç nədən qorxmadığını, çətinlikdən çəkinmədiyini deyib: "O Murovdağda xidmət etmişdi, çağrılanda arxaya baxmadan getdi. 16 yaşında atasını itirmişdi, bütün çətinliklər onun üzərində idi. Müharibəyə gedəndə övladı 3 aylıq idi. İki ildən sonra çətinliklə onu tapmışdı, övladını böyütmək nəsib olmadı. Hər zəng edəndə uşağı tapşırırdı. Böyük arzuları var idi".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.