Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində, 2016-cı ilin 1-5 aprel tarixlərində Aprel döyüşlərində iştirak edib.
Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib. 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılıb.
Azərbaycan Ordusunun əsgəri kimi Vətən Müharibəsinin bir çox hərbi əməliyyat və döyüşlərində iştirak edib. 9 oktyabr, 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəvan Alxaslı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.