2021/01/photo-17708402019.jpg

line
Adı: Cəbrayılov
Soyadı: Sübhan
Ata adı: Rahim
Doğum tarixi: 23.10.1983
Şəhid olub: 19.10.2020
Rütbəsi: Baş gizir
Təltifləri
«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı
Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. O, 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.

"Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


AzVision.az-ın əməkdaşı şəhidin evinə baş çəkərək, onun ailəsi ilə həmsöhbət olub. Şəhidin anası Ləzifə Cəbrayılova əslən Salyanın Marışlı kəndindən olduqlarını, oğlunun orta məktəbi orada bitirdiyini deyir:

- Üç oğlum, bir qızım var. Sübhan sonbeşiyim idi. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Boksla, əlbəyaxa döyüşlə məşğul olurdu. 18 il idi ki, xüsusi təyinatlılarda kəşfiyyatçı kimi xidmət göstərirdi. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla sentyabrın 25-i görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm, mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balamız, geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və qəhrəmancasına şəhid olacaq. Anasına şəhid anası adı verəcək. Sübhan Füzuli, Hadrut, Cəbrayıl və Zəngilanın tam alınmasında iştirak edib. Qubadlıda iki kənd alındıqdan sonra oktyabrın 19-da şəhid olub. Oktyabrın 20-də bizə xəbər verdilər. Nəşi iki gün neytral ərazidə qalıb. İnanmırdım, deyirdim, yox, o, heç vaxt şəhid olmaz. Yanlış məlumatdır, övladım o yerləri əlinin içi kimi tanıyır.


Oktyabrın 23-ü onun ad günü idi. Həmin gün bayrağa bükülmüş tabutu evimizə girdi. Ayın 23-də dəfn etdik. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və “Vətən uğrunda” medalı ilə təltif edildi. Əziyyəti, qanı yerdə qalmadı. Bu, bizə təsəlli oldu”. Sevda Cəbrayılova şəhidin xanımıdır. O, həyat yoldaşı ilə bağlı xatirələrindən söz açaraq deyib ki, Sübhan döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib.


Yoldaşları danışır ki, elə hey deyirdi, irəli gedək. Onun igidlikləri çoxdur. Cəbrayılın alınması zamanı 3 gün susuz qalıblar. Sübhan su dalınca gedib. Elə olub ki, düşmən tərəfə keçib və bir hərbçinin həyətinə girib. Onların öz dilində danışa-danışa həmin hərbçini aldadaraq əsir götürüb və bizim tərəfə gətirib. Düşmən elə bilib ki, bu da onlardandır. Erməni dilini tam bilirdi. Ona görə də onları aldatmağı bacarıb. Amma kimsə soruşanda deyirdi, o dili bilmirəm.


Bir dəfə erməni hərbçi çoban qiyafəsində kəşfiyyatla aralarına sızıb təxribat törətmək istəyirmiş. Sübhan bunu başa düşüb və onu yerindəcə məhv edib. Sübhanın şücaətləri saydıqca bitmir. Erməni polkovnikini əsir götürərək bizim tərəfə gətirib. Həmin erməninin üzərində döyüş mövqelərini əks etdirən xəritə aşkarlanıb.


Onların özünə məxsus xəncəri olurdu. Əlbəyaxa döyüşəndə həmin xəncərlə nə qədər ermənini məhv edib. Öndə gedən olub. Subaylara deyirmiş ki, siz arxadan gəlin, biz evliyik, uşaqlarımız var. Amma siz subaysınız, sizin geridə qoyduğunuz yoxdur. Mərd idi. Neçə yaralı döyüş yoldaşını xilas edib, yaralarını sarıyıb. Onlar bizə gəlib təşəkkür edirlər. Yoldaşım həmçinin həkim-sanitar idi. Yaralılara da kömək edirdi.


Düşmənin içinə ilk girənlər bunlar olurdular, daha sonra XTQ-nin quru qoşunları gəlirdi. Qubadlıda sonuncu döyüşündə 12 nəfər olublar. Həmin ərazidə erməni çox olub və mühasirəyə düşüblər. Güllələri bitib, əlbəyaxa döyüşə keçiblər. Neçə ermənini öldürüb. Birini boğub, birini xəncərlə vurub. Bütün bunları döyüş yoldaşları görüblər. Danışırdılar ki, ermənilərin üstünə hücum edib, onları boğurmuş. Ermənilər görüblər ki, bacarmırlar, boynundan snayperlə vurublar, yerindəcə şəhid olub”.


Şəhid anası Ləzifə xanımla söhbətimizə davam edirik. Onun dediyinə görə, oğlu 18 il idi ki, Qarabağın azad olunmasına hazırlaşırdı: “Aprel döyüşlərində də iştirak etmişdi. Əsəb keçirirdi ki, niyə döyüşləri saxladılar, torpaqlarımızı azad edib irəliləyirdik. Onda çox pis olmuşdu. Neçə ay özünə gələ bilmədi. Döyüş yoldaşları gözünün önündə şəhid olmuşdular. Onlar qardaşdan da artıq idilər. Bir qabdan yeyib-içirdilər. Həmin vaxt mən də çox qorxmuşdum. Dedim, bala, bəlkə bu işdən uzaqlaşasan. Necə əsəbiləşdi. Cavab verdi ki, mənim yanımda yoldaşlarım şəhid olub. Ata evimdə 18 il qalmışam, 20 ildir ki, oradayam, onların qanını mən almasam, kim alacaq?


Lələtəpənin alınmasında qəhrəmanlıq göstərmişdi. Prezident uğurlu döyüşçüləri yığıb təltif etdi, mükafatlandırdı. Onların arasında Sübhan da var idi. Ürəyi Qarabağ ilə döyünürdü. 18 il əziyyət çəkdi, bütün günü təlimlərə qatılırdı, evdə az olurdu. O, həmişə Qarabağ üçün hazırlaşırdı. Deyirdi, oranı alaq ki, bizdən sonrakı nəsil rahat yaşasın.


Vətən müharibəsində 4-5 gündən bir zəng edirdi. Telefonu yox idi. Haradansa telefon tapanda əlaqə saxlayırdı. Dəhşət sevincli olurdu. Çünki zəhmətinin bəhrəsini görürdü. O, qarabağlı deyildi, amma bir qarabağlıdan da çox sevinirdi. Füzuli alınanda telefonda qızı ilə danışdı. Dedi, müharibə bitsin, səni Azıx mağarasına aparacağam.


Oruc tuturdu, namaz qılırdı. Deyirdim, bala, təlimlərdə olursan, oruc tutma, sənə çətin olar. Deyirdi, mənə Allah kömək edir, siz narahat olmayın. Heç rayona gələndə də orucunu pozmurdu. Arzusu idi ki, Şuşaya gedib məsciddə namaz qılsın. Döyüş yoldaşlarına deyirmiş ki, oktyabrın 23-ü ad günümdür, ona kimi Şuşaya gedib çıxarıq. Ad günümdə Şuşada namaz qılacağam. Qismət olmadı. İmkan olan kimi Şuşaya gedib oğlumun arzusunu həyata keçirəcəyəm. Qoy balamın ruhu arzusuna çatdı deyə şad olsun”.


Sübhan Cəbrayılovun özündən sonra iki övladı yadigar qalıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb..
























2020-ci il, oktyabrın 30-da Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun döyüş və həyat yoluna həsr olunmuş sənədli filmin təqdimatı keçirilib. 40 dəqiqəlik filmin təqdimatı Nizami Kino Mərkəzində olub. Filmdə Sübhanın dostları, döyüş yoldaşları, yaxınlarının onunla bağlı xatirələri, döyüş yoldaşlarının müharibə zamanı qeydə aldığı görüntülər əksini tapıb.