Çingiz 2001-ci ildə Mistan kənd natamam orta mətəbinin 1-ci sinfinə gedib. Qəhrəmanımız əziyyətlə təhsil alıb, 8-9 kilometr yolu piyada gedərək qonşu kənddəki tam orta məktəbi bitirib. 11-ci sinfi başa vurduqdan sonra Çingiz Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olub. Çingiz kollecin II kursunda oxuyarkən, 2018-ci il oktyabr ayının 3-də Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Cəmilli kəndində yerləşən hərbi hissəyə göndərilib.
Çingiz anadangəlmə böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün xidmətdə olduğu dövrdə Mərkəzi Hərbi Klinik Hospitalında əməliyyat olunub 10 gün müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıdıb.
Çingiz 27 sentyabrda başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edib. 10 oktyabrda Çingiz döyüş zamanı yaralanan hərbçi yoldaşını xilas etmək üçün öz zirehli jiletini, çıxararaq ona geyindirib yarasını sarıyarkən yaxınlığa düşən qəlpə zərbəsindən şəhid olub.
Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.
Onun canı bahasına xilas etdiyi hərbçi indi qazidir...
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, əsgər Babayev ölümündən sonra
"İgidliyə görə" ,
"Suqovuşanın azad olunmasına görə" ,
"Laçının azad olumasına görə" və
"Vətən uğrunda" medalları ilə təltif edilib.
Döyüşdə olarkən Çingizin anasından iki istəyi olur: Şəhid olduqdan sonra başdaşına şeir yazılması, bir də
tələbə yoldaşına onu sevdiyi xəbərini çatdırmaları. Şəhidlik zirvəsinə ucalandan sonra anası bu xəbəri həmin qıza çatdırıb və Çingiz ölümündən sonra sevgi etirafı etmiş olub.
Çingiz Babayevin şəhidliyindən sonra Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən əmisi oğlu da könüllü olaraq döyüşlərə yollanıb. İlk gündən Çingizin qisasını alacağına söz verən hərbçi Şuşanın işğaldan azad edilməsi əməliyyatında da iştirak edib və şəhərdə binalardan birinin üzərinə
“Çingiz Mistan” sözlərini yazıb.
Çingizin anası
Sevinc xanım epilepsiya xəstəsidir, atası
Sulduzun isə anadangəlmə psixoloji problemləri var. Yeganə oğullarını itirəndən sonra ailənin çətinlikləri lap artıb. S.Babayeva deyir ki, hər dəfə övladlarının məzarını gördükcə yaşamaq onun üçün daha da çətinləşir:
“Xəstəyəm, daha da ağırlaşıram. Özümdən gedirəm, yoldaşım da xəstədir, mənə kömək edə bilmir. Çingiz artıq təkcə bizim yox, elindir, Vətənindir. Əgər bizə başqa bir yerdə yaşamağa ev verilsə, bəlkə də bizim üçün, Çingizin xəstə atası üçün daha yaxşı olar”.
Şəhid ailəsi deyir ki,
“Qapını hər açanda oğlumuzun məzarını görürük”. Sulduz Babayev də hər gün oğlunun məzarı ilə üzbəüz qalmaqlarının onların səhhətinə ağır təsir etdiyini deyir...
Lakin çətin şəraitdə yaşayan ailə bir çox digər şəhid ailəsi, qazi və müharibə iştirakçıları kimi cənab Prezidentin Sərəncamına uyğun olaraq məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilib. Cari ilin 10 iyulunda Lerik şəhəri, şəhid İsmayıl Yaqubov küçəsində yerləşən çoxmənzilli yaşayış binasında Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Babayev Çingiz Sulduz oğlunun ailəsinə yeni mənzilin açarları təqdim olunub.
Şəhid anası Sevinc xanım ailələrinə göstərilən diqqət və qayğıya, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı etdiyi müraciətlərinə həssaslıqla yanaşıldığına, qısa müddət ərzində onların mənzillə təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.