Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Elvin Kərimovdur.
Şəhid Kərimov Elvin Mürşüd oğlu 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.
2003-2005-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildən MAHHXHQ kimi kiçik çavuş rütbəsində vətənə xidmətini davam edib.
Kərimov Elvin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid E.Kərimov 11 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kəndində dəfn olunub.
Şəhidimiz ailəli idi. 3 övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması medalı", "Suqovuşanın azad olunması medalı" və “Vətən uğrunda” medalları ilə təltif edilib.