Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Əliəkbər Bəndəliyevdir.
Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Atasız böyüdüyündən maddi imkansızlığa görə uşaq yaşlarından aqronomluq üzrə praktika keçərək bu peşədə işləyib. Bağ-bostan bitkiləri, dərman vasitələri satmaqla evin dolanışığına kömək edib. Evin tək oğlu olub. 2019-cu il 23 apreldə doğum gününü evdə qeyd etdikdən sonra, səhəri gün hərbi xidmətə yollanıb. 2020-ci ilin oktyabrın 1-i tərxis olmalı idi, amma Vətən müharibəsi başladığından könüllü müharibəyə qatılıb və Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 8-i evlə son dəfə əlaqə saxlayıb, halallaşıb, lakin döyüşə getdiyini bildirməyib. Oktyabrın 11-i evlərinə şəhid cənazəsi gəlib.
Döyüş yoldaşı baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbələr vurduqlarını deyir. Oktyabrın 8-i Talış-Suqovuşan istiqamətində döyüşlərə yollananda Əliəkbərin hərbi hissədə qalıb koordinat verməsini xahiş edirlər, həmçinin, "sənin atan, qardaşın yoxdur, anan təkdir, gəlmə" - deyirlər. Əliəkbər isə onları dinləmir və "hamı necə, mən də elə" - deyərək döyüşə yollanır. Relyef çətin olduğundan ərzaq maşını çata bilmir və onlar 2 gün ac-susuz dağda, meşədə yaş torpağın üstündə keçirirlər, səhər yarpaqlarındakı şehi su əvəzi içirlər. Əliəkbər həm müşahidə aparır, həm döyüşür, həm də yaralı və şəhidləri ərazidən çıxarmağa kömək edir. Növbəti dəfə yaralı döyüş yoldaşını çıxarmağa çalışarkən 10 metrliyində partlayan minamyot nəticəsində başına qəlpə dəyir və şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.