Sərvan 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib.
Sərvan Eyyubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra
"İgidliyə görə" ,
"Laçının azad olunmasına görə” ,
"Suqovuşanın azad olunmasına görə" və
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailəli olan şəhid əsgərimizin 31 may 2021-ci ildə övladı dünyaya gəlib. Adını atasının vəsiyyətinə uyğun
Tuncay qoyublar. Şəhidin həyat yoldaşı danışır ki, Sərvan ölümündən bir neçə gün əvvəl evə zəng edib,
“oğlumun adını Tuncay qoyarsınız” deyib. “Yaşat” Fondu tərəfindən şəhidin körpəsinə 5000 manatlıq bank hesabı açılıb.