Zülfüqar Fərəcov 1977-ci il aprelin 27-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. İlk təhslini Xocavənd rayon Əmirallar kənd tam orta məktəbində alıb. Fərəcov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kimi orduda fəaliyyətini davam etdirib. Şəhidimiz ailəli idi, bir övladı var.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə olduğu müddətdə onlarla erməni hərbçisini dəqiq atəş ilə məhv edən Zülfüqar Fərəcov sentyabrın 28-də Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Fərəcov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Fərəcov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Torpaqlarımızın, eləcə də, doğma Xocavəndinin düşmən tapdağında olmasıyla barışmayan, hərbi xidməti dövründə nümunəvi hərbçi olmaqla bərabər, ermənilərin qorxulu kabusuna çevrilən Zülfüqar snayper silahıyla çox sayda düşmən hərbçisini məhv edib.
Komandiri və döyüşçü yoldaşlarının sözlərinə görə, 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində düşmən tərəfindən qətlə yetirilən balaca Zəhra və nənəsinin intiqamını Zülfüqar döyüşçü yoldaşı və dostu, beyləqanlı Vasif Quliyevlə birgə alaraq düşməni məhv etdikləri gilizləri gətirib Zəhrayla nənəsinin məzarı üzərinə qoyub, "qisasınızı aldıq" deyiblər. Onlar hər dəfə ora yaxın postlara, təlimlərə gedərkən həmin məzarları da ziyarət edərmişlər...