Qaraxanlı kəndinin mərd oğullarından biri olan Allahverdiyev Rövşən Fərrux oğlu 10 noyabr 1991-ci ildə kəndli ailəsində dünyaya göz açıb. 1998-ci ildə Qaraxanlı kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2009-cu ildə adı çəkilən məktəbi uğurla bitirib. Elə həmin ildə ordu sıralarına çağrılıb.
Rövşən Sumqayıt şəhərinin yaxınlığında yerləşən hərbi hissədə qulluq edib. 2011-ci ilin iyulunda orduda hərbi xidmətini başa vurub, doğma kəndləri Qaraxanlıya qayıdıb. Bir müddət kənddə müxtəlif sahələrdə çalışıb. 2016-cı ildən könüllü olaraq hərbi xidmətə qatılıb. Beyləqan şəhərində Həmlə Bölümündə hərbi xidmətdə olub.
Rövşən Allahverdiyev sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində ön cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən gərgin döyüşlərin iştirakçısı olan Rövşən müharibənin elə ilk günü ağır yaralanıb və aldığı yaradan gözlərini əbədi yumub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
…Qaraxanlı kənd orta məktəbin müəllimi Roza Fərəcova məktəbin məzunu şəhid Rövşən Allahverdiyev haqqında danışarkən uşaqlıqdan nümunəvi olduğunu, hamının sevimlisinə çevrildiyini vurğulayıb: "Mən Rövşənin sinif müəllimi olmuşam. Nümunəvi şagird idi. Davranışı ilə başqalarından seçilirdi.
Gözlərinin dərinliyidə həmişə özünə yuva salmış bir həzin nisgil var idi. O, böyüdükcə mən başa düşdüm ki, bu Xocalı nisgilidir. Rövşən bu xalqın, torpağın qeyrətli övladı kimi Qarabağ dərdini unuda, yaddaşından silə bilmirdi. Bax, elə bu dərdi biz artıq çəkməyək, Qarabağ ləkəsini yaddaşlardan silək deyə, Rövşən savaşdı, vuruşdu, qəhrəmancasına həlak oldu. Vətənin bütövlüyü uğrunda canını qurban verdi.
Düşmən quduzlaşıb
aşanda həddini,
Şəhidim
qanı ilə çəkdi
Vətən sərhəddini…"