Hüseynov Sərhəd Fərhad oğlu 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib.
Sərhədin bir arzusu olub - sərhədçi olmaq. Həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətçi olaraq vətənin keşiyində dayanıb. Ömrünün altı ilini Vətənə həsr edən Sərhəd 27 sentyabrda düşmənin hücumunun qarşısının alınması məqsədi ilə əks hücumdə həmləçi olaraq döyüşə qatılır.
Onun döyüş yolu ata-baba torpağı olan Füzuli istiqamətindən başlayır. Üç gün gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirilməsində Sərhəd də döyüşçü yoldaşları ilə birgə şücaət göstərir.
Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseynov Sərhəd ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.