2021/09/19841-1632301743.jpg

line
Adı: Əliyev
Soyadı: Sehriman
Ata adı: Rəhman
Doğum tarixi: 17.04.1990
Şəhid olub: 28.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı
Füzuliyə bayraq sancmaq eşqi ilə yaşayırdı. Yurdunu, elini, obasını bütöv görmək idi arzusu. Təssüflər olsun ki, o, bu günləri görmədi. Çünki Azərbaycanın bütövlüyü uğrunda canını qurban verdi Sehriman.

İgid, qorxmaz Azərbaycan oğlu Sehriman Rəhman oğlu Əliyev 17 aprel 1990-cı ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Sehriman 6-cı sinifdən atasız böyüyüb. Atasının ölümündən sonra sanki evin ağsaqqalı olmuşdu. Yaşıdları cavanlıq sürərkən o, evi, ailəni dolandırmaq barədə düşünərdi.

Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra ailəsini saxlamaqçün işləməyə başlayıb.

Sehriman Rəhman oğlu 2016-cı ildən hərbidə müddətdən artıq qulluq etməyə başlayıb. Beyləqanda N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Sehriman Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib və 28 sentyabrda Füzulinin Qorqan kəndi uğurunda qəhrəmancasına şəhid olub.



Tankçı Əliyev ölümündən sonra Prezidentin müvafiq Sərəncamlarına əsasən, “Vətən uğrunda" , “Cəsur döyüşçü” "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası Pəri xanım deyir ki, Sehriman həmişə Qarabağı işğaldan azad edəcəyimizə inanırdı:

“Deyirdi ki, bizim ordumuz artıq 90-lardakı ordu deyil. Əgər müharibə olarsa, biz Qarabağı alacağıq. Bir gün Qarabağı alacağımıza inanırdı. Füzuliyə bayraq sancmaq ən birinci arzusu idi. Amma qismət olmadı”...

Sehrimandan geriyə xatirələr və 2 oğul övladı qalıb. Övladları hələ atalarının şəhid olduğunu anlamır və onun gələcəyi günü gözləyirlər:

“40 gün qapımız açıq qaldı. 40-cı gün qapını bağlamağa getdim. Nəvələrim sual verdi ki, “nənə, qapını niyə bağladın?”, dedim, "Bala, müharibə qurtardı, ona görə bağlayıram", dedilər ki, “Bəs müharibə qurtarıbsa, atamız niyə gəlmir?”... Bilmədim nə deyim...”, - deyə şəhidimizin anası qüssələnir.