Mirzəhəsən Şahin oğlu Əlizadə 12 yanvar 1992-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. Hərbçi olmaq Mirzəhəsənin uşaqlıq arzusu idi. Ona görə də orta məktəbi bitirdikdən sonra Astara Pedaqoji Kollecində “Fiziki tərbiyə və idman müəllimi” ixtisası üzrə təhslini davam etdirib. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə ordu sıralarına qayıdıb və 3 il ərzində xidmətini davam etdirib. Müddətdən artıq Hərbi xidmət hərbi qulluqçusu olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşüb. Mirzəhəsən cəsurluğu, qorxmazlığı ilə ad çıxarıb, rəğbət qazanıb. Döyüş yoldaşlarını dəfələrlə xilas edib, yaralı əzgərləri döyüş meydanından çiynində daşıyaraq çıxarıb. Zəngilan uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin bu vəziyyətdə yenə döyüşə atılıb. Döyüş yoldaşları “bu vəziyyətdə döyüşmək olmaz” desələr də düşmənə qarşı intiqam hissi ilə yanan Mirzəhəsən döyüşə gedib və oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Mirzəhəsənin nəşi 50 gün sonra ailəsinə təhvil verilib. Şəhid Mirzəhəsən Səncərədi kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizadə Mirzəhəsən Şahin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə “Döyüşdə fərqlənməyə görə" , Azərbaycanın Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.