Şəmkir rayon Zəyəm Cırdaxan kəndinin 18 yaşlı şəhidi İsrayıl Hacıyev Vətən müharibəsinin qəhrəmanlarından biridir. İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinfə qədər təhsil alıb. 2017-ci ildən 2020-ci ilədək ailə kəndli təsərrüfatında ailəsi ilə birlikdə çalışıb.İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlayıb.
Vətənpərvər gənc kimi böyüyən İsrayıl həmişə öndə olmağa can atır, torpaqlarımızın azad olunmasında iştirak etməyi arzulayırdı. Elə şəhid olacağını da sanki öncədən hiss etmişdi... Anasına “sən şəhid anası olacaqsan” deyirmiş. Dörd oğul böyüdən Gülnarə ana indi İsrayılın dediyi kimi, şəhid anasıdır" “İsrayılın ləqəbi “yapon” idi. Onu həmişə evdə elə çağırırdıq. Telefonla danışanda deyirdim ki, ehtiyatlı ol, özünü qoru. O isə mənə deyirdi ki, ana,tezliklə torpaqlarımızı azad edəcəyik”, - deyə şəhid anası Gülnarə Hacıyeva bildirib.
İsrayılın qardaşı da onunla fəxr edir. Xəyal Hacıyev deyib: “Hərbi xidmətini Bakıda keçirsə də can atırdı ki, cəbhə xəttinə yollansın. Sonra zəng etdi, dedi ki, Beyləqandayam. Həmlə taborunda idi. İlk döyüşə gedənlər də onlar olub.”
İsrayıl xoş xasiyyəti, gülərüz olması ilə seçilirdi. Arzusu isə hərbi xidmətdən sonra orduda qalıb müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmək idi.
Şəhidin dostu Emin Yusifovun sözlərinə görə, İsrayıl vətənpərvər gənc olub: “Vətəni hər şeydən çox sevirdi. Biz onunla körpə yaşlardan dost olmuşuq. İsrayıl hərbi xidmətə gedəndə birinci mənə zəng etdi. Sonuncu dəfə isə sentyabrın 26-da telefonla danışdıq. Beş ayın əsgəri idi. Həmişə onunla fəxr edəcəyəm”.
İsrayıl Hacıyev müharibənin ikinci günü – sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, İsrayıl Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.