Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Cəfərov Araz Səmədağa oğludur.
O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib.
Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda iştirak edib.
Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib.
Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.