XXI-ci əsr beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin əməkdaşı idi. Vətən Müharibəmiz başlayanda könüllü olaraq cəbhədə döyüşmək üçün yazılmışdı.
Xəyalın anası Nazimə xanım: "Hər gün işdən çıxanda hərbi komissarlığa gedir, Orduya aparılması üçün təkid edirdi. Onun kompüterində, telefonunda Müdafiə Nazirliyə dəfələrlə ünvanlanmış məktublar var. Məni canından artıq istədiyi üçün məni yox, anasının anası olan Vətənini seçdi. Oktybrın 4-dən 5-ə keçən gecə saat 2.30-da telefonuna zəng gəldi, cəmi 6 dəqiqəyə hazırlaşdı".
Qarabağı kitablardan oxuyan, filmlərdən izləyən Xəyal onun müdafiəsi üşün irəli atıldı. Anası Nazimə xanıma
"Vətən səndən irəlidir”, atası Müseyib kişiyə
"Vaxt gələcək, mənimlə fəxr edəcəksən” deyən Xəyal döyüşlərdə düşmənə qarşı qəhramanlıqla vuruşdu.
Döyüşə getməzdən öncə sosial şəbəkə hesabında
"Mən bu günləri nə qədər gözləmişəm, Tanrım!" yazan Xəyalın ən böyük arzusu – Vətənə oğul olmaq arzusu çin oldu.
Xəyal Milli Ordu sıralarında baş atıcı olaraq fəal iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan minomyot atəşi nəticəsində 25 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhadətə yüksəlib.
Xəyal cəbhədə olarkən – oktyabrın 17-də 26 yaşı tamam olmuşdu. Anası Nazimə xanım onun üçün sovqat göndərmək istəyini bildirəndə Xəyal –
"Ana, mən ad günümü inşallah, Şuşanı azad edəcəyimiz gün qeyd edəcəm”, - demişdi.
Ana oğlunun şəhid olduğunu bilsə də, cəbhədəki əsgərlərə sovqat göndərib və yazıb: “Mənim əziz əsgər oğullarım! Mən şəhid Balakişiyev Xəyalın anasıyam.
Bu kiçik sovqatı Sizə oğlumun adından göndərirəm. Allaha əmanət olun! Oğlumun qanının yerdə qalmayacağına inanıram! Zəfərlə qayıdın inşallah! 25.10.2020”
Canı ilə Vətən torpağına sipər olan qəhrəman 27 Oktyabr 2020-ci ildə Bakı şəhərində Qurd Qapısı şəhidliyində torpağa tapşırılıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Xəyal Balakişiyev ölümündən sonra
“Vətən Uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin atası Müseyib Balakişiyev açıqlamasında oğlunun
“Neftçi” və “Beşiktaş” azarkeşi olduğunu, bu üzdən “ağ-qara” rəngləri sevdiyini söyləyib: “Xəyal “ağ-qara” rəngdə olan “Neftçi” və “Beşiktaş”ın çılğın azarkeşi idi. “Beşiktaş”ın hər oyununu mütləq izləyər, məğlubiyyətinə üzülər, zəfərinə sevinərdi. Mənə həmişə “Beşiktaş”ın himnlərindən birində olan və tribunalarda tez-tez səsləndirilən
“Ölümle yaşamı ayıran çizgi, siyahla beyazı ayıramaz ki” oxuyardı..."