Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı, Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur, igid Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğlu dur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbin IX sinfini bitirib. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Vəliyev oktyabrın 11-də Tərtər rayonunun Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilib
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Anar Vəliyev ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalları ilə təltif edilib.