2021/04/16086-3238002548.jpg

line
Adı: Həsənov
Soyadı: Xəyal
Ata adı: Zeynəddin
Doğum tarixi: 16.04.2002
Şəhid olub: 13.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Laçının azad olunmasına görə» medalı
Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həsənovdur.

16 aprel 2001-ci ildə dünyaya göz açan, Göyçay rayonun Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin məzunu şəhid Həsənov Xəyal Zeynəddin oğlu peşə liseyini bitirmədən könüllü olaraq orduya yazılıb. Ermənilərin təxribatından sonra ərizəsi ilə ön cəbhəyə yollanıb.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. I Qarabağ müharibəsinin qazisi olan əmisinin qisasını da alıb. Xəyal Həsənov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Qaraman kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xəyal Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidimizin anası Xatirə xanım danışır:"Mənim oğlum vətənpərvər idi. Uşaq vaxtından bəri oyuncaq avtomatla dava-dava oynayırdı. Vətənini çox sevirdi, Vətən uğrunda da şəhid oldu".

Ən ülvi hisslər ilə qanlarını torpağa qarışdırıb "Böyük Vətən" amalı ilə şəhidlik zirvəsinə yüksələn igidin bacısı Həsənova Şərifə isə qardaşını belə xatırladı:"Suqovuşan-Talış istiqamətindəki döyüşlərdə iştirak etmək üçün öz ərizəsi ilə ön cəbhəyə gedib. Şəhid olandan sonra qardaşımın zabitinə zəng etmişdik. Telefon danışığında dedi ki, döyüş bölgəsində, Vətən uğrunda qəhrəmancasına şəhid olub. Hansı şəraitdə şəhid olduğu barədə məlumatımız yoxdur.
Əsgərliyə gedəndən sonra yanına getmək istəsək də, qoymurdu. Sentyabr ayının ilk həftəsində atam yanına getmişdi".

Şəhid bacısı bildirdi ki, qardaşı telefon zənglərində həmişə yaxşı olduğunu deyirdi:"Oktyabr ayının 12-si bizimlə telefonda danışmışdı. Deyirdi ki, çox yaxşıyam, narahat olmayın. Cəbhədə qalıb işləmək fikri də var idi. Müharibə müddətində həmişə yaxşı olduğunu söyləyirdi. Lakin səhər tezdən kənd bələdiyyəsi, həmçinin əmim dedi ki, qardaşım şəhid olub.

Qələbə xəbərlərini eşidəndə çox sevindik, qürur duyduq. Heç bir şəhidin qanı yerdə qalmadı. Bir anlıq qardaşımı görsəydim, ona deyəcək çox sözlərim olardı. Şəhid olandan sonra onu demək istəyərdim ki, şükürlər olsun, qardaşım, qanın yerdə qalmadı!
Əvvəllər şəhid bacılarına həsəd aparırdım ki, qardaşları ən yüksək zirvədən onlara baxır. Mənim qardaşım da, o pilləyə yüksəldi. Düzü, çətindir. Amma qardaşım ilə çox qürur duyuram".