Zaqatala rayonunda isə belə cəsur, ölümün gözünə dik baxan, canını qurban verən vətənpərvərlər çoxdur. Adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan, ölümün gözünə dik baxan qəhrəman oğullardan biri də şəhid Süleymanlı Rəsul Kamil oğludur. Düşmənə qan udduraraq torpaqlarımızın yağı düşməndən təmizlənməsində mövqelərimizi fədakarlıqla müdafiə edən, qorxu bilmədən ölümə gülə-gülə gedən elimizin fəxri Rəsul Süleymanlıdır.
Rəsul Süleymanlı 2002-ci ilin 19 yanvar tarixində Zaqatala şəhərinin “Qala Düzü” adlanan tarixi məkanında dünyaya göz açıb. Digərlərinə nümunə olacaq çox tərbiyəli, sakit təbiətli, mülayim və mehriban bir ailədə dünyaya göz açmışdı qəhrəmanımız. Qəhrəmanımızın atası Kamil və anası Günel xanım övladlarına yüksək səviyyədə, əsl ailə modelinə, müasir dövrün tələblərinə uyğun tərbiyə verib.
Şəhid Rəsulun anası bildirib ki, oğlu 2019-cu ilin yanvar ayının 29-u tarixində həqiqi hərbi xidmətə gedib. Üç ay Bərdədə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib, hərbi biliklərə yiyələnib, hərbi təlimlərdə iştirak edib. Sərrast atıcı kimi bütün tapşırıqları və normativləri yerinə yetirib. Sonra isə hərbi xidmətini Tərtər rayonunun Borsunlu kəndində, düşmənlə üzbəüz mövqelərimizdə davam etdirib. Hətta xidməti dövründə idmanla məşğul olub və yarışlarda iştirak edib.
O, Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Rəsul Süleymanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra
"İgidliyə görə" ,
"Laçının azad olunmasına görə" medalı ,
"Suqovuşanın azad olunmasına görə" medalı və
“Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən fədaisinin adı Respublika Cüdo Federasiyasının Şərəf Kitabında yazılıb.
memorial.az