44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Orxan Fikrət oğlu Salehovdur.
Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
“Səni babamın məzarına ziyarət etməyə aparacam” – anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.
Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.
Şəhidimzin əmiləri Orxanın vətən, millət sevgisindən fəxarətlə danışıb. Bu acını əvəz edəcək yeganə təsəlli isə şəhidlərimizin qanının yerdə qalmamasıdır.
Şəhidimzin nənəsinin bir tək arzusu var, o da Orxanin təhsil aldığı 10 saylı məktəbin onun adı ilə əbədiləşdirilməsidir.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması" medalı, "Suqovuşanın azad olunması" medalı, “Vətən uğrunda" medalı ilə təltif edilib.