2021/09/kamil-1632247083.jpg

line
Adı: Kamil
Soyadı: Atakişiyev
Ata adı: Araz
Doğum tarixi: 12.06.2000
Şəhid olub: 05.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Vətən müharibəsində tarixi qələbənin qazanılmasında payı olan cəsur döyüşçülərimizdən biri də şəhid kəşfiyyatçı Kamil Atakişiyev olub. O, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.


Şəhid kəşfiyyatçının atası Araz Atakişiyev AzVision.az-a açıqlamasında oğlunun nəşini 23 gündən sonra ala bildiklərini deyib: “Kamil 2000-ci ilin iyunun 12-də Oğuzun Xaçmaz kəndində anadan olub. 2006-cı ildə Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbə birinci sinifə gedib. Üç bacının bir qardaşı idi. Hərbi xidmətini yanvarın 5-də başa vurub evə qayıtmışdı. Sentyabrın 29-da səfərbərliklə yenidən ordu sıralarına çağırıldı. Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Kəşfiyyat bölüyündə manqa komandiri idi. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşlərə qatılmışdı.


Müharibə vaxtı çox əlaqə saxlaya bilmirdik. Danışanda da heç bir məlumat vermirdi. Ancaq səsindən azad olunan torpaqlarımıza görə necə sevindiyini hiss edirdik. Deyirdi, tezliklə müharibəni başa vurub, qalib əsgər kimi geri dönəcəyəm. Ancaq qismət olmadı. Noyabrın 5-i Laçın dəhlizində şəhidlik zirvəsinə ucaldı, ayın 25-də nəşini götürmək mümkün oldu. Ayın 27-də dəfn etdik. Həmin əraziyə hücum zamanı snayperlə başından vurublar. Yoldaşlarından cəmi 3 nəfər oradan sağ çıxmışdı. İndi onlar hospitalda yatırlar.


Çox qoçaq, çevik idi. Döyüşdən qaçan, geri çəkilən, yoldaşlarını pis vəziyyətdə qoyan olmayıb. Həmişə deyirdi ki, Qarabağı biz almalıyıq. Kim almalıdır ki?! Gənc idi, həyata yeni atılırdı. Arzuları çox idi. İdmançı olmaq istəyirdi. Geri dönəcəyinə çox ümidli idi. Deyirdi, görüşərik. Qızlarıma ikinci ata sayılırdı. Bacılarının bir dəfə də olsun xətrinə dəymədi. Oğlum bizim namusumuzu, qeyrətimizi qorudu. Kəndimiz onunla fəxr edir”.


Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra israr edərək yenidən döyüşlərə qatılıb. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olub. Noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.




Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.