Cəmi 21 yaşı vardı Kənanın. 1999-cu ilin mart ayının 8-də Göyçay rayonunun Cəyirli kəndində dünyaya göz açmışdı.
Qardaşı deyir ki, Kənan uşaqlıqdan Vətəninə, bayrağına bağlı uşaq idi. Tovuz hadisələrindən öncə televizorda Mübariz İbrahimov haqqında gedən bir verilişə baxarkən anasını çağırıb "Ana, bax, mən də belə şəhid olacam", demişdi. Və o, Tovuz hadisələri zamanı adını könüllü olaraq yazdırmış, Hərbi Səfərbərlik çağırışı ilə sentyabrın 29-u cəbhəyə yollanmışdı. Ailənin sonbeşik övladı idi.
Kənan 10 ay idi ki, hərbi xidməti bitirib gəlmişdi. Hələ hərbi xidmətdə olanda ata, anasına komandirlər tərəfindən təşəkkürnamələr gəlirdi. Nümunəvi idi xidmətində. Hərbidə qalmaq istəyirdi, amma onun bu istəyinə ailəsi razı olmamışdı. Kənan tez tez deyirdi şəhid olacam. Hamı ilə halallaşırdı. Kimi görürdü, halallıq istəyirdi Kənan. Çox səbirsizlənirdi. Müharibə başlayanda ona çağırış gəlmirdi deyə səbirsizlənirdi. Gözlədiyi mesaj ona da gəldi. 29 sentyabr, saat 19.02-də. Kənan telefonunda "Gözlədiyim an gəldi" deyə yazı da yazmışdı. Ailəsi ilə sağollaşanda son sözü: "şəhid olacam..."
Tarix: 6 oktyabr... Gecə saat 23.00 radələri...
Kənan Ömərli Ağdam uğrunda gedən döyüşlərdə oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda doğulduğu kənddə torpağa tapşırılıb. Kənan bu il Gəncə Texnologiya Universtetinə qəbul olsa da, şəhidlik zirvəsinə ucaldığı üçün universitet oxuya bilmədi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ömərli ölümündən sonra "Vətən müharibəsi iştirakcısı", "Ağdamın azad olunması", "Vətən uğrunda" medalları ilə təltif edildi.