Fəqan Vahid oğlu Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb. Nişanlı idi.
Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan Məmmədov oktyabrın 6-da Ağdam döyüşləri zamanı şəhid olub. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan Ordusunun hərbçiləri ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan Ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib. Fəqan Məmmədov Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" və "Ağdamın azad olunması" medalları ilə təltif edildi.
Onun uşaqlıqdan arzusu kinorejissor olmaq idi. Məktəb illərində Azərbaycanın və dünyanın şöhrətli kinorejissorlarının həyat və yaradıcılıqları ilə maraqlanar, öyrənər, oxuyardı.
Əsasən döyüş ruhunda lentə alınmış kinolara baxar və bədii kitabları mütaliə etməyi çox sevərdi... Amma... bu gün, Zaqatala rayonu Yeni Suvagil kəndindən olan növbəti şəhid – Fəqan Vahid oğlu Məmmədovun, kinolarda olduğu kimi qəhrəmanlığından, onun Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüşçü yoldaşlarını necə xilas edib özünü şəhid etməsindən... danışırlar və hələ əsirlər boyu danışacaqlar.
Azərbaycanımızın mərd, qəhrəman oğlu – Fəqan Vahid oğlu Məmmədov 1998 –ci ilin iyun ayının 27 –də Zaqatala rayonunun Yeni Suvagil kəndində sadə ailədə dünyaya gəlmişdi. Bu saxur oğlu mülayim, sakit xasiyyətinə görə anası Surət xanıma, işgüzarlıqda və vətənpərvərlikdə isə Birinci Qarabağ savaşının iştirakçısı olan atası – Vahid bəyə bənzəmişdi. İki bacının – Nurcan və Naidənin- bir qardaşı idi Fəqan. Bacılarını çox istəyirdi. Hər dəfə dərsdən qayıdanda onları öpər və əzizləyərdi... Fəqan Şəhid Akif Qədirov adına Yeni Suvagil kənd 2 saylı tam orta məktəbini əla qiymətlərlə, yüksək balla bitirmişdi.
Məktəbin direktoru Cərullah Əhmədov:
- Bu günlər adını qızıl hərflərlə yazılan şəhid balamız - Fəqan Məmmədov məktəbimizin ən fəallarından olub. Mədəni, yüksək biliyə malik olan, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagird idi – Fəqan. Fəqan – digər şagirdlərə də nümunə idi. O, məktəbimizi müvəffəqiyyətlə bitirdi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinə qəbul olundu. Birinci arzusuna qovuşdu. Arzuları çox idi Fəqanın. Ən böyük arzusu isə vətənpərvərlik, azadlıq, müharibə və düşməndən qisas mövzusunda filmlər çəkmək idi... Lakin, növbəti arzularına qovuşa bilməsə də, böyük qəhrəmanlıq, şücaət göstərərək həlak oldu, döyüş meydanında düşməndən qorxmadı, onlarla mübarizə apardı, döyüşçü yoldaşlarını xilas etdi və qəhrəmanlıq göstərərək, şəhid oldu. Fəqan bütün Azərbaycan xalqının fəxridir və qəhrəman oğludur...
Bu gün Vətən müharibəsində göstərdiyi şücaətə görə dillər əzbəri olan Fəqanın orta məktəbdə müəllimi olmuş Qəzənfər Yəhudov isə bildirdi ki:
“Şəhidlik zirvəsinə yüksələn şagirdi bütün dərs və məşğələlərdə olduğu kimi, hərbi hazırlıq və idman dərslərinə də yüksək səviyyədə, fəallıqla hazırlaşar, onu digər şagirdlərinə nümunə göstərər və həmişə də əla qiymətlər alardı”. Hərbi hazırlıq, idman yarışlarında da dəfələrlə qalib gəldiyini deyən Qəzənfər müəllim qeyd etdi ki, bu günki yeniyetmə və gənclərə örnək, nümunə olası qəhrəmanlıq edən Fəqanın tanınmış kinorejissor olmasına şübhəsi yox idi.
Bəli, şəhid – fəxrimiz Fəqan Məmmədov təhsil aldığı ali təhsil ocağında fəal idi. Hələ tələbə ikən tələbə dostları ilə qısametrajlı filimlərə rejissorluq etmişdi. Ən böyük arzusu isə Qarabağ müharibəsindəki şəhidlərdən çox seriyalı kino çəkmək idi.
Azərbaycanımızın - Zaqatalanın fəxri, şəhid – tələbə Fəqan Vahid oğlu Məmmədov həqiqi hərbi xidmətini 2021 –ci ilin yanvar ayında başa vurub, təhsilini davam etdirməli idi. Hərbi xidmətdə də olduğu dövrdə nümunəvi hərbi xidmətə, təlim – döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə o, dəfələrlə hərbi hissənin, komandanlığın təşəkkürlərini almış, komandanlıq tərəfindən ona çavuş rütbəsi verilmiş və manqa komandiri təyin edilmişdir.
Bu, Vətən savaşı başlayanda Fəqan qorxmaz hərbiçilərlə cəbhənin ön xəttində düşmənə qarşı vuruşurdu. Onlar dəfələrlə erməni hərbiçilərin həmlələrinin qarşısını almış, onların döyüş texnikasını, canlı qüvvəsini məhv etmiş və düşmənin hücuma keçmək niyyətini puç etmişdir. Döyüşçü yoldaşlarının bildirdiyinə görə ancaq, 6 avqust 2020 –ci il tarixindəki Ağdam bölgəsində ön cəbhədəki döyüş Fəqan Məmmədov üçün son döyüş oldu. O, həmin döyüşdə əsil şücaət – qəhrəmanlıq göstərdi. Fəqan döyüşçü yoldaşları ilə birlikdə həmin gün düşmənin həmləsini qarşısını almaq üçün hücuma keçiblər, bu zaman düşmən tərəfi təslim olaraq, ağ bayraq qaldırıblar. Belə ki, döyüşdə sağ qalan döyüşçü yoldaşlarının bildirdiklərinə görə Fəqan qorxu bilmədən hərbiçilərimizlə onları təslim etmək üçün yaxınlaşmaq istəyərkən hiyləgər ermənilər hərbiçilərimiz istiqamətinə partlayıcı əl qumbarası atıblar. Bu anda Fəqan özünü partladan əl qumbarasının üzərinə ataraq döyüşçü yoldaşlarını xilas edib. Özü isə ağır yaralardan həlak olur. Xilas olan döyüşçülər xislətli erməninin hücumunu dəf ediblər.
Bəli, Fəqan Məmmədov vətənpərvərlik, əsil igidlik göstərərək – Zaqatala rayonunun mərd oğlu, bir saxur balası kimi – adını tarixə saldı. Özü, Azərbaycanımızın, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşçü yoldaşlarını xilas edərək, hünər göstərərək – şəhid oldu. Bu günlər Odlar yurdunun qəhrəman oğlu Fəqan Məmmədovun qəhrəmanlığından hamı ürək dolusu, fərəhlə danışır və onun göstərdiyi şücaət isə indiki gənclərə əsil nümunədir. Əlbəttə ki, şəhid Fəqanın qəhrəmanlığından – onun kinorejissorluq fakültəsində müəllimi olmuş – tanınmış kinorejissor Ayaz Salayev – özünün instaqram səhifəsində paylaşımlar edərək tələbəsinin igidliyi barədə ətraflı şərhlər yazıb. Televiziya kanallarında da dəfələrlə çıxış edərək Ayaz Salayev Fəqanın tələbə - şəhidin göstərdiyi qəhrəmanlığından qəhərlə, ürək dolusu danışıb və onunla fəxr etdiyini bildirib. “Bu, bir qəhrəmanlıq epaposiyasıdır, Fəqan kimilər dünyaya nadir hallarda gəlir, onlar ölmürlər, ürəklərdə yaşayırlar. Zaqataladan, saxur millətindən olan, nişanlı, sevimli igid tələbəm - Fəqan Vahid oğlu Məmmədova atılan düşmənin gülləsi bütün dünyanın tanınmış kinorejissorlarına atılmış atəşdir. Çox, çox təəssüf. Fəqanın çox parlaq gələcəyi vardı – deyir hörmətli Ayaz Salayev.
Qəhrəmanlığı ilə şəhidlik zirvəsini fəth edən Fəqan Məmmədovun ən əziz dostları hələ də şokdadırlar. Onun ölümünə, həyatda artıq yoxluğuna inana bilmirlər. Dostları bir ona inanırlar ki, Fəqan həmişə arzuladığına qovuşdu: “Vətənimizin, hamımızın azadlığı uğrunda gedən ölüm-dirim savaşında əsl vətənpərvər kimi həlak oldu”.
Qəhrəman şəhidimiz – Fəqan Vahid oğlu Məmmədov oktyabrın 8-də bütün el-obanın, rayon ictimaiyyətinin nümayəndəliklərinin, dostlarının, hərbiçilərinin, məktəb kollektivlərinin, ziyalıların, bütün idarə və təşkilatların üç rəngli al bayraqlarının müşayiəti ilə əsil igid kimi son mənzilə yola salındı. O, Yeni Suvagil kənd qəbristanlığında Birinci Qarabağ müharibəsinin şəhidlərinin yanında dəfn olundu.
...Al qırmızı, güllərə, əklillərə bələnmiş Fəqanın məzarı üstündə iki kağız parçası daha çox diqqəti cəlb edirdi. Məzarını ziyarət etdikdən sonra götürüb oxudum. Bacısı Naidənin qardaşı Fəqana yazdığı məktublar idi. Birinci məktub: “Əsgər qardaşıma məktubundan: “Salam mənim dəyərlim, canımın yarısı qardaşım. Sənin bu gün, 87 günün qaldı. Əsgər qardaşım, bilirəm ki, bu günlərdə cəbhədə şiddətli döyüşlər gedir. Sizi də nə qədər atışmalar olsa da bizim dualarımız qoruyacaq. Təki sən sağ – salamat qayıt gəl, əsgər qardaşım, bundan başqa arzum yoxdu...” İkinci məktubundan sətirlər: “Mənim əsgər, igid, qəhrəman qardaşım, sənin yolunu gülərək gözləyərdim. Amma qismət olmadı. Bizi gözü yaşlı qoyub - getdin. Kaş ki, vaxtı geri ala bilsəm, uşaqlıq illərimizə qayıdardıq, gah dalaşdığımız, gah güldüyümüz illərə geri dönsək, yanımızda yatsan, amma heç zaman qəbul etməzdim. Səni çox sevirəm mənim şəhid qardaşım, Qəhrəman Qardaşım!”...
Ruhun şad olsun, şəhid oğulumuz, Sənin haqqında dastanlar da yazılacaq, kinolar da çəkiləcək...