Əhmədabad Axısxa türklərinin kompakt yaşadığı kəndlərdəndir. Rayonla arası on iki km olar, bu gün gəldiyim ilk ünvandır bu. Bu evdə şəhid Muradov Elxan Murad oğlu dünyaya gəlib. Bu evdə ilk addımlarını atıb, bu həyətdə oynayıb.., yüyürüb, yıxılıb, dizləri bu torpağa dəyərək qanayıb, al qanı torpağa qarışanda könlündən qeyri-adi hisslər keçib və ilk dəfə torpağın vətən olmasını onda görüb Elxan…
Amma indi o yoxdur, həyətə girib elə onu çağırmaq istəsəm də səsim boğazımda qalır. Geniş həyətin o başından yaşlı qadın mənə tərəf gəlir, amma ondan qabaq iki qara köpək çatıb ayyaqlarımı qoxulayır, başını qaldırıb qəribə baxışlarla üzümə baxır. Dilsiz baxışlarından mehribanlıq dolu həsrət süzülür. Düşünürəm bəlkə də Elxan üçün darıxır, yəqin sağ olanda çox əzizləyib onu, indi də hər gələndən Elxanı soruşur…
Muradov Elxan Murad oğlu- 15 may 2001-ci ildə doğulub, orta məktəbi də bu kənddə bitirib. Gülərüz, mehriban oğlan olub, müəllimləri də, şagird yoldaşları da onu çox istəyiblər. Vaxtı çatanda qanuni hərbi xidmətə yollanıb, ilk altı aylıq xidmət müddətini Goranboyda, qalan bir ilini isə Ağdamda yerləşən “N” saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayanda elə hərbi hissədə onunla birgə xidmət edən əsgər yoldaşları ilə bərabər vətən qarşısında borcunu döyüş meydanında ödəməyə başlamışdır.
Elxangil ailədə dörd uşaq olublar, iki bacı və iki qardaş. Bacıları ailə həyatı qurmuş, o biri qardaşı isə hazırda Türkiyənin Uşak şəhərində ali təhsil alır. Anası Kifayət xanımın mavi-ala gözlərində ümid qığılcımları parıldayır, tez-tez kövrələn, narahatlıqla ətrafına boylanaraq sanki oğunu axtaran ananın əlacsızlığı bağrımı yandırıb yaxır. Gənc və gözəl türk qızının solğun yanaqlarını isladır isti göz yaşları, narahat baxışları ətrafı dolanıb gözlərimə sancılır:
-“Bizə göstərmədilər ki, balamı…, mən onun ölümünə inanmıram…, o sağdır, gələcək bir gün..” –deyir.
Elə inamla deyir ki, mənə də sirayət edir və mən də bəzən möcüzələr baş verdiyinə inanıram… Kaş ki…
Bibisi Fatimə xanım Elxanın haqqında yana-yana danışır, deyir:
-“ Hərbiyə o qədər həvəsli idi ki, əsgər getməzdən üç gün qabaq hərbi paltar geyib gəlmişdi evə. Şəhidliyi uca məqam hesab edirdi və mən də şəhid olacağam deyirdi…
-“Bu yanvarda gələcəkdi balam”- deyir Kifayət xanım, “gözüm yolda qalıb…”
Elxanın atası Murad oğlu ilə sonuncu dəfə müharibə başlamazdan bir neçə gün qabaq əlaqə saxlaya bilib, deyir, “Ruh yüksəkliyi ilə danışırdı, Vətənə xidmət etməsindən qürur duyurdu..”
..Havalar barıt qoxulu,
Yollar hələ də qorxulu.
Yarımçıq qalan nağılı,
Bitirməyə gümanım var!..(Ş.Ş)
Elxan 08 oktyabr 2020 ildə Füzuli uğrunda gedən qanlı döyüşlərin birində şəhadətə yetişib və Əhmədabad kənd qəbristanlığında dəfn edilmişdir. Ölümündən sonra isə “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur.
…Müharibə dəhşətlər yaradır, o elə bir dəyirmandır ki, orda canlar üyünür… Qandır, fəlakətdir müharibə, amma Azərbaycan dövlətinin, onun Ali Baş Komandanı İlham Əliyevin son çıxış yolu özü istəməsə də bu müharibədən keçməli oldu. İgid və cəsur Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətənin çətin günündə bir nəfər kimi haqq davasına qoşuldu və düşmənə qalib gələrək adlarını tarixə yazdılar. Dəmir yumruq kimi birləşən xalqımızın hər bir nəfərinin bu zəfərdə öz payı vardır…Elə damarlarında təmiz türk qanı axan Elxan Muradovun da..
- Vətən müharibəsi iştirakçısı medalı
- Ağdamın azad olması medalı
- Vətən uğrunda medalı