İki bacının bir qardaşı olan Elgün Sadıqov evin həm dəcəl, həm də sevimli oğlu idi. Kiçikliyindən Vətənə olan sevgisindən bilinirdi ki, o böyüyəndə qəhrəman olacaq.
2006-cı ildə Elgün Sadıqov Ağdam rayon Xındırıstan kənd orta məktəbinin birinci sinfinə daxil olub. Müəllimlərinin dediyinə görə, Elgün çox utancaq, sakit bir şagird olub. Vaxt gəldi, o sakit uşaq bütün Azərbaycanın, dünya azərbaycanlılarının, milyonlarının sevgisini qazandı...
2018-ci il yanvar ayının 12-də Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətə yollanıb. 2019-cu ilin iyun ayında hərbi xidməti başa vuraraq ehtiyata buraxılıb. 2020-ci ilin aprel ayında hərbiçi kimi Ağdam rayonunun "N" saylı hərbi hissəsində işləməyə başlayıb.
Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Minaatan batareyasının sürücüsü olub. Şəhid olduğu günə kimi gecə gündüz ön cəbhədə yerləşən ordunu hərbi silah-sursat və ərzaqla təmin edib. Ermənilər bir neçə dəfə onun maşınını hədəf alsa da, çətin vəziyyətdən çıxmağı bacarıb.
Vətən Müharibəsinin 27-ci günü mənfur düşmən onun maşınını hədəf alıb.
Elgün Sadıqov 23 oktyabr 2020-ci ildə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elgün Sadıqov ölümündən sonra
"Vətən uğrunda" ,
"Vətən müharibəsi iştirakçısı" və
“Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.