Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq və əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Orxan Əli oğlu Mirzəyevdir.
Orxan Mirzəyev 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsilini alı.
Orxan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Orxan Mirzəyev 2 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Aşağı Cürəli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.