2021/04/16129-1619092160.jpg

line
Adı: Mürsəliyev
Soyadı: Anar
Ata adı: Səfər
Doğum tarixi: 21.11.2001
Şəhid olub: 22.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Anar Mürsəliyevdir.


Şəhid Mürsəliyev Anar Səfər oğlu 2001-ci il noyabr ayının 21-də Xaçmaz şəhərində anadan olmuşdur. Ailəsinin ortancıl övladı olan Anar 2009-cu ildə təhsilə ilk qədəmlərini qoymuşdu. Onun təhsillə yanaşı idmana olan marağı karate ilə məşğul olmasına səbəb oldu.

2016-cı il 02-03 iyul tarixlərində keçirilən Milli Karate Federasiyası və Sarı Süleyman adına Xaçmaz Cəngavərləri İdman Klubunun karate üzrə I açıq çempionatını “Fərqlənmə” diplomu ilə bitirən Anar Mürsəliyev ilk uğurunu burada qazanmışdır.

Gənc Anar 2019-cu ilin yanvar ayının 8-i tarixində Goranboy rayonunda hərbi xidmətə başlamışdır. Goranboyda müəyyən müddət hərbi xidmətini davam etdirdikdən sonra Tərtərdə yerləşən N saylı hərbi hissəyə göndərilmişdir.



Şəhidin bacısı Fərqanə Mürsəliyevanın verdiyi məlumatlara görə:

“Valideynlərim qardaşımın daim ziyarətinə gedirdi və Anar onları hər görəndə bu sözləri təkrar edirdi:

-Mən kəşfiyyatçı olmaq istəyirəm.

Anamın narahat olacağını bildiyi üçün gerçəkləşdirdiyi arzusunu hər kəsdən gizlədi. Zəng etdiyimiz zaman belə postda olduğunu, heç bir problemin baş vermədiyi söyləyirdi.”

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Anar Mürsəliyev döyüşdə faəl iştirak edirdi. O döyüşün başlamasından bir neçə həftə sonra evə zəng vuraraq söyləmişdi:

“Cəbrayıldayıq. Almışıq.”

Anar Mürsəliyev həmçinin Tərtər döyüşlərinin iştirakçısı da olmuşdur. O, şəhid olmamışdan 5 gün qabaq sonuncu zəngini edərək bu sözləri dilə gətirmişdi:

“Biz Ağdərədəyik!”

Gənc Anar elə Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərərək oktyabrın 22-si tarixində şəhidlik zirvəsinə ucaldı. Onun cansız bədəni 25 oktyabrda torpağa tapşırıldı.

Bacısının verdiyi məlumata görə, o, evə zəng edərək qürurlu və sevincli halda bu sözləri söyləmişdi:

“Mübariz İbrahimovun silahı mənə düşüb.”

Anarın gənc ürəyini qürarlandıran bu hadisə ailəsinin sevincinə səbəb olmuşdur.

Şəhidin bacısı:

“O an içimdə adını qoya bilmədiyim bir hiss yaşadım. Sanki bu təsadüf deyilmiş kimi...Mübariz onu seçibmiş kimi...Əslində şüurum bunu qəbul etməsə də, qəlbim çoxdan qardaşımın şəhid olacağını hiss etmişdi.”

Qardaşının hər iki dünyada ölməzliyə qovuşması ilə qürur hissini duyduğunu da vurğulayan Fərqanə yuxularında Anara qovuşduğunu, üzündə gülərüz sima ilə olduğunu və hal-hazırda qovuşduğu məkandan peşman olmadığını hiss etdiyini bildirir.

O deyir:

“Mübariz İbrahimovun silahını fəxrlə daşıyan qardaşım Anar onunla bir cənnəti paylaşır.”

Tarix yazaraq qəhrəmanlar sırasında yer alan Anar Mürsəliyev səngərdə döyüşərkən yanlarına düşən mərmi nəticəsində əbədiyyətə qovuşmuşdu. Komandiri və döyüş yoldaşları ilə birgə şəhidlik zirvəsinə qovuşan Anar qəhrəmanlığı ilə tarixə silinməz bir iz qoydu.

Digər səngərdən onu tanıyan yoldaşının Anar haqqında söylədikləri:

“O, çox mərifətli oğlan idi. Bir dəfə hava çox soyuq idi. Anar soyuq olmasına baxmayaraq, öz papağını çıxarıb mənə vermişdi.”

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Mürsəliyev Anar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəsinin dayağı olan Anar, bir gündə bütün Azərbaycan xalqının fəxri oldu...