Şəhidlik əlçatmaz bir zirvədir. Elə bir zirvədir ki , bu zirvəyə hər kəs ucala bilməz. Ciyərparasının itirilməsi ata-ana üçün ağır olsa da onlar bilməlidirlər ki , şəhidlər ən uca bir məkanda özlərinə yer seçiblər. Şəhidlər vətənin azadlığı, ana və bacılarımızın namusu naminə ölümsüzlüyə qovuşublar. Şəhidlər Allahın ən çox sevdikləri bəndələrdir. Elə buna görə də sevdiklərini öz dərgahına qovuşdurur.
İkinci Qarabağ müharibəsində Azərbaycanımızın bütövlüyü uğrunda şəhid olan minlərlə igidlərdən biri də həmyerlimiz Xeyirbəy Cəlil oğlu Səfərçinovdur. O, 5 oktyabr 1993-cü ildə Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dünyaya göz açıb. Şəhid Arzulla Rəhimov adına Dizaxlı kənd tam orta məktəbini bitirib. 2011-2013-cü illərdə Daskəsəndə yerləşən Milli ordunun “N” saylı hissəsində ləyaqətlə xidmət edən Xeyirbəyin komandiri həmyerlimiz şəhid Polad Həşimov olub. Vətənə ləyaqətlə xidmət edən Xeyirbəy Səfərçinov manqa komandiri olub.
Xeyirbəy 2020-ci ilin sentyabr ayının 21-də hərbi təlimlərə cəlb edilir. Sentyabrın 27-də təcavüzkar erməni işğalçıları atəşkəsi növbəti dəfə pozur və yenilməz Azərbaycan ordusu onlara layiqli cavab verməli olur və Vətən müharibəsi başlayır. Ailənın yeganə oğlu olan Xeyirbəy Səfərçinov da yaşıdları kimi erməni quldurlarının üzərinə atılır və ağır döyüşlərdə fədakarcasına vuruşur, onlara layiqli cavab verir. Düşmənə qarşı amansız olan Xeyirbəy Tərtər bölgəsində, Suqovuşanda və Talış kəndinin azad edilməsi uğrunda aparılan qanlı döyüşlərdə şücaətlə vuruşur. 22 oktyabrda ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur və oktyabrın 24-də doğma kənddə Ana torpağa tapşırılır. Şəhidimizin həyat tarixçəsinə nəzər yetirək . O, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunudur. Xeyirbəy gözəl operator idi. Onun kamerasından ünvanlanan toy şənliklərinin , ad günlərinin və digər toplantıların video-kassetləri bu gün bizim üçün yadigar qalıb. Bu videolara baxdıqca şəhidimiz xatırlanacaq, ruhu şad olacaq. Onsuz da ruhu şaddır. Çünki o, cənnətməkan olub. Onun doğulub boya-başa çatdığı ailədə Gülüşan adlı yeganə bacısı var. Gülüşan xanım ailə sahibidir. Anası Gülayət isə evdar xanımdır. Atası Cəlil Səfərçinov Zaqatala Kənd Təsərrüfatı texnikomunun məzunudur. Gözəl şeirlər müəllifidir. Şəhid eloğlumuz bu cür sadə və zəhmətkeş ailədən pərvazlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamların əsasən
Xeyirbəy Səfərçinov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.