2021/01/13590-1609946751.jpg

line
Adı: Bayramov
Soyadı: Aydın
Ata adı: Mətləb
Doğum tarixi: 02.08.1997
Şəhid olub: 09.10.2020
Rütbəsi: Eht. Gizir
Təltifləri
«Vətən uğrunda» medalı
Aydın Mətləb oğlu Bayramov 1997-ci il avqustun 2-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Yadigar Vəliyev adına Əmirvan tam orta məktəbində oxuyub. 2015-ci ilin oktyabrında hərbi xidmətə çağırılan Aydın Qusar rayondakı hərbi hissədə xidmət edib. Burada özünü nizam-intizamlı hərbçi kimi göstərib və kəşfiyyat üzrə ixtisaslaşıb.

O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. Strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələrindən tam azad olunmasında qəhrəmanlıqla vuruşub.

Atası Mətləb Bayramov deyir ki, Aydın çox təvazökar idi, heç vaxt Aprel döyüşlərində iştirak etdiyi barədə danışmazdı: “Aprel döyüşləri başlayanda Aydın Qusarda xidmət edirdi. Qusardan döyüşlərə əsasən kəşfiyyatçılar cəlb edilmişdilər".

- Ata, ağır döyüşlər gedir, möhkəm olun! Bütün dünyaya göstərəcəyik ki, işğal altında olan torpaqlarımızı azad etmək gücündəyik və buna qadirik. Qarabağ Azərbaycan torpağıdır, gec-tez bizim olacaq,- o zaman Aydın atasına söyləmişdi.

Bir il sonra - 2017-ci ilin aprelində ordudan tərxis olunub, Əmirvana qayıdan Aydın kənd təsərrüfatı ilə məşğul olub. UAZ markalı yük maşını alıb və kənd sakinlərinə logistika xidmətləri göstərib. Lakin hərbi xidmət onu maqnit kimi özünə çəkirdi, elə buna görə də müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu atasına bildirir. Valideyn xeyir-duasını aldıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edir. Bundan sonra Aydın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul olunub. Onun fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri müsbət qiymətləndirilib. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən Aydının adı namizədlər siyahısına daxil edilərək kursa göndərilib.
Lakin o, Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçəndə problemlə qarşılaşıb və yastıayaqlılıq səbəbindən xidmətə yararlı olmadığı bildirilib. O, ruhdan düşməyərək, yenidən əvvəlki həyatına qayıdıb. Kənddə onun həyatı öz sakit axarı ilə 2020-ci ilin iyul ayınadək davam etdi.


İşğalçı Ermənistan iyul ayında cəbhənin Tovuz rayonu istiqamətində təxribatlar törədərək, bir sıra strateji nöqtələrimizi ələ keçirməyə cəhd etdi. Lakin layiq olduğu cavabı alaraq, geri oturduldu. Həmin döyüşlərdə itkilərimiz oldu… Elə bir itki ki, milləti silkələdi. İyulun 14-də Azərbaycan-Ermənistan sərhəddində, Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimov və yüksək rütbəli zabitlərimizin şəhid oldular. Bu hadisə Aydına çox ağır təsir etdi və rayon hərbi komissarlığına gedərək, könüllü ordu sıralarına qatılmaq üçün ərizə ilə müraciət etdi, hər an cəbhəyə getməyə hazır olduğunu bildirdi.

Qardaşı İlqar Bayramov: “Aydında intiqam hissi, döyüş ruhu yüksək idi. Arzusu Qarabağın işğaldan azad olunması və döyüşlərdə ön sıralarda vuruşmaq idi. “Biz öz torpağımız uğrunda vuruşuruq. Vətənimizə, dövlətimizə nə zaman lazım olsaq, hər bir azərbaycanlı buna hazır olmalıdır”,- deyirdi".

Aydın Bayramov sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır. Müharibə şəraitində olan Azərbaycan üçün bu cür toplanışların keçirilməsi daha aktual və vacib idi.

Anası Gülər Bayramova: “Sentyabrın 20-də, axşam saat 9-da icra nümayəndəliyinə zəng gəlib. Bildirilib ki, Aydın qeydiyyatdan keçmək üçün “hərbi komissarlığ”a çağırılır. Oğlum sentyabrın 21-də, səhər saat 8-də komissarlığa getdi.
- Rayonda çox qalma, günorta qayıt,-dedim.
Çevrilib mənə baxdı:
- Ana, salamat qal! Özünə yaxşı bax!
O, belə deyəndə ürəyim parçalandı. Bu uşaq hara gedir ki, bu sözləri deyir. Məndə bir narahatlıq yarandı. Üç gündən sonra zəng etdi, təlimlərdə olduğunu bildirdi. Aydının ayağında problem vardı, 6 ay əvvəl ayağı sınmışdı, amma bunu gizlətdi, təlimlərdə fəal iştirak etdi”.

Onları avtobuslarla Gorana apardılar və orada təlimlərə qatıldılar. Bu təlim zamanı hərbçilərimizin hərbi bacarığı, səriştəsi, döyüş ruhu, döyüş vərdişləri daha da təkmilləşdirildi. Hazırlıqdan sonra təlimlərdə iştirak edənlər hərbi hissəyə göndərildilər.

Vətən Müharibəsi

Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhə boyu ordumuzun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bu təxribat göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, sülh yolu ilə həlli mümkün deyil. Münaqişənin həll yolu hərb yoludur.
Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Ali Baş Komandan, Prezident İlham Əliyev televiziyadan Azərbaycan xalqına müraciətində Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, torpaqlarımız son qarışına kimi azad olunanədək əks-hücum, əks həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi. Səhəri gün, sentyabrın 28-də isə Dövlət Başçısı qismən hərbi səfərbərliyin elan edilməsi ilə bağlı sərəncam imzalandı.


Aydın Bayramovun ilk döyüşü Murovdağ istiqamətində oldu. Oranı düşməndən təmizlədikdən sonra aydıngil Tərtər istiqamətinə aparıldılar. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da düşməndən təmizlədilər. Həmin post strateji baxımdan çox önəmli yer olduğundan, düşmən ciddi müqavimət göstərdi, əsgərlərimizin irəliləməsinin qarşısını almaq məqsədilə mövqelərimizi güclü atəş altında saxladı. Amma bütün cəhdləri boşa çıxdı, düşmən 7-8 saat davam edən döyüşdən sonra postu tərk etmək məcburiyyətində qaldı. Ermənilər xeyli sayda itki verdi, cəsədləri günlərlə ərazidə qaldı. Bunlar isə Aydın və onun döyüş dostlarının qəhrəmanlığı, cəsarəti nəticəsində mümkün oldu.

O, Talış, Suqovuşan kəndlərinin, strateji yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərdə də iştirak etdi. Bu döyüşlər Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində apardığı əhəmiyyətli savaş idi. Aydın özünü qətiyyən itirmədi, irəli atıldı, sonadək vuruşdu. Döyüşlərin birində qəlpə yarası aldı. Döyüş fasilələri dövründə evə zəng vurub, ailə üzvlərilə söhbət edərək, hər şeyin yaxşı olduğunu, yüngül qəlpə yarası aldığını, xəstəxanaya müalicə almaq üçün getməkdən imtina etdiyini də söylədi. Oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. Həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.

Qardaşı İlqar Bayramov: “Bir dəfə bildirdi ki, Ağdərə istiqamətində düşmənin Madagizdən (Suqovuşan - red) hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyasını məhv ediblər. Sevinirdi, amma səsində bir kədər tonu da vardı, səbəbini soruşduq, dəqiq cavab vermədi. Axırıncı dəfə Aydınla oktyabrın 6-da danışdıq. Zəng edəndə bildirdi ki, yüngül qəlpə yarası alıb. Ona bir neçə gün müalicə almağı məsləhət görsələr də, yarasını sarıtdıqdan sonra geri, döyüş dostlarının yanına qayıtmışdı.
– Narahat olmayın, yaram ciddi deyil, iki güllə də "bronjletə" ilişib qalıb. Yoldaşlarımı burada qoyub xəstəxanaya gedə bilmərəm. Onlar harda, mən də oradayam,- dedi.
Qardaşım yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik idi. Döyüş yoldaşlarını qoyub, müalicə üçün arxaya getməyi özünə sığışdıra bilmirdi. Goranda, hərbi təlim zamanı bir nəfər qəbələli gənclə də tanış olmuşdu, bu tanışlıq sonradan dostluğa çevrildi. Aydın bizimlə danışında bu barədə özü məlumat vermişdi.
- Mənimlə birlikdə Qəbələ rayonundan bir nəfər xidmət edir. Onunla təlimdə tanış olmuşam. Qoçaq oğlandır, sizi də onunla tanış edəcəyəm".


İki dost ağır döyüşdə birlikdə iştirak etdilər. Amma bu dostluğun ömrü qısa oldu, Müharibənin ilk döyüşündə Aydının dostu ağır yaralandı, ilkin yardım geçikdiyindən, çoxlu qan itirdi, təxliyə isə ərazinin relyefi səbəbindən geçikdi. Dağ cığırları, dərə-təpəli yollarla hərbi maşınlar qalxa bilmirdi.
Dostunun gözlərində sönən həyat eşqini ürəkağrısı ilə izləyən Aydın dözə bilməyib, onu çiyninə alaraq, dərəli-təpəli yolla, dincəlmədən 7 km. məsafəni birnəfəsə qət edərək, həkimlərin olduğu yerə gətirib. Təəssüf ki, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Gördükləri Aydını sarsıdıb, "qardaş" dediyi, çörək kəsdiyi əsgər şəhid olub. O, Qəbələnin ilk şəhidi idi.
Elə qardaşı ilə danışanda Aydının səsindəki kədər tonu da bununla bağlı olub.

Aydin döyüşlərin birində mühasirəyə də düşüb, 17 şəhid veriblər. İlqar Bayramov deyir ki, bu barədə sonralar qardaşının məzarını ziyarətə gələn döyüş yoldaşlarından eşidib. Onlar bildiriblər ki, Aydın döyüş meydanından 3-4 yaralını da çıxarıb. Hətta 4-5 km. məsafəni dayanmadan, çox vaxt qaça-qaça gedərək yaralıları hərbi yardım maşınına çatdırıb.
Döyüşlər isə davam edirdi. Evdəkilər Suqovuşan və Talış kəndlərinin düşməndən azad olunduğunu ilk dəfə ondan eşidiblər.

Aydın düşmən barədə kəşfiyyat məlumatları toplamaq üçün döyüş tapşırıqlarının yerinə yetirilməsində də iştirak edib. Döyüş əməliyyatlarının hücum və müdafiə olaraq müvəffəqiyyətlə planlaşdırılması üçün kəşfiyyat məlumatlarının çox önəmi vardı.

Şəhadət

O, axırıncı dəfə ailə üzvlərilə oktyabrın 6-da danışıb. Bu sonuncu telefon danışığından sonra onunla əlaqə tamamilə kəsilib.
İlqar Bayramov deyir: “Onun necə, hansı şəraitdə həlak olduğundan ailəmizin xəbəri olmadı. Aydınla oktyabrın 6-dan sonra heç cür əlaqə qura bilmədik. Dəfələrlə zəng etsək də, cavab yox idi. İlk günlər buna o qədər önəm vermədik. Lakin son zəngdən 3-4 gün keçəndən sonra narahat olmağa başladıq. Anam bizimlə danışdığı nömrəyə tez-tez zəng etməyi tapşırırdı. Telefon isə susurdu. Sözün düzü, düşündük ki, bəlkə yaralanıb, xəstəxanada müalicə alır, zəng etməyə imkanı yoxdur… Qardaşım isə şəhid olubmuş, bizim də bundan xəbərimiz olmayıb. Neçə gün ümidlə yaşadıq, sağ olduğuna inandıq. Bu gün həmin günləri xatırlamaq mənim üçün çox ağırdı.
Bizə gələn dostları MAXE və gizirlər idi. Döyüş dostları bildirirdi ki, əməliyyatlarda onlarla birlikdə könüllülər də iştirak edirdi. Könüllülər əsasən MAXE-lər tərəfindən azad olunmuş və möhkəmləndirilmiş post və yüksəkliklərdə yerləşdirilirmiş. Bəzən isə könüllük əsasında döyüşlərdə də iştirak edirmişlər. Onlara əməliyyatdan öncə “kimlər döyüşlərdə iştirak etmək istəyirsə, bir addım önə çıxsın” deyilirmiş. Sıradan önə ilk çıxan Aydın olarmış. O həmişə öndə olmaq, ən ağır döyüşlərdə iştirak etmək istəyirdi. Bir dəfə də olsa döyüşdən qaçmadı, bəhanə gətirmədi. Bir sıra vacib yüksəkliklərin, postların alınması uğrunda qəhrəmanlıqla vuruşdu. Qardaşım həmişə döyüşlərə qatılmağa can atırdı, dostunun intiqamını almaq üçün ən təhlükəli döyüşlərə könüllü gedirdi”.

- Bir dəfə Ağdərə istiqamətindəki yüksəkliyin düşməndən təmizlənməsi barədə tapşırıq gəlib. Çox təhlükəli bir əməliyyat idi, düşməni oradan çıxarmaq, yüksəkliyi tutmaq itkisiz mümkün deyildi. Əməliyyata ciddi hazırlaşırdıq, özümüzlə yalnız döyüşdə iştirak etmək istəyən könüllüləri aparmaq qərarına gəldik. 40-a yaxın əsgər vardı və onlara müraciət etdik. 40 nəfərin arasından könüllü döyüşə getmək istəyənlərdən biri də Aydın idi,- döyüş yoldaşları xatirələrində bildiriblər.

Axırıncı döyüşdən öncə komandir deyir:
- Hazırlaşın, 20 dəqiqədən sonra döyüşə giririk. Biz onlara elə bir ani zərbə vurmalıyıq ki, bir daha başlarını səngərdən çıxarmağa cəsarət etməsinlər. Mənə döyüş tapşırığını yerinə yetirməyi, Vətən uğrunda öldürməyi və bu yolda ölməyi göz altına alan əsgərlər lazımdır. Çünki bu əməliyyata gedəcək əsgərlərin sağ-salamat geri qayıtma ehtimalı azdır...
Döyüş tapşırığını yerinə yetirmək üçün 12 könüllü seçilir ki, onlardan biri də Aydın Baramov idi.
- Biz 12 nəfər idik və bilirdik ki, ölümə gedirik, canımızda qorxu vardı, hər şey ola bilərdi. Aydın bizim bu halımızı görüb güldü, zarafat edərək ruh yüksəkliyi yaratmağa çalışdı: "Sizə nə olub, niyə qaş-qabağınızı sallamısınız, nədən qorxursunuz? Sağ-salamat qayıdacağıq, şəhid də ola bilərik, bu, döyüşdür. Torpağımızı azad etməyə gedirik, ruhdan düşməyin, qələbə bizimdir”, - döyüş yoldaşı o anı belə xatırlayır.

Strateji yüksəklik uğrunda döyüşdə Aydın 12 nəfərdən ibarət kəşfiyyat qrupunda iştirak etdi. Əsgərlərimizdən 6 nəfəri döyüşdə şəhid oldu, 3 nəfər isə yaralandı. Bu döyüşdən 3 əsgər sağ qaldı. Sağ qalanlar şəhidləri döyüş meydanından çıxarmağa çalışdılar, təəssüf ki, onların bütün cəhdləri nəticəsiz qaldı.
Ağır yaralanmış Aydın Bayramov kömək gözləyirdi, toparlanaraq ağaca sörkəndi. Tezliklə kömək gələcəyinə, təxliyə olacağına, sağalaraq yenidən əsgər dostlarına qoşulub, Ağdərənin düşməndən azad edəcəyinə inanırdı. Onun gözlərinin qarşısındakı mənzərə necə də dogma Əmirvanı xatırladırdı - Vadi ilə axan çay, təpələr və yüksəkliklər. Bir anlıq həyatı gözlərinin qarşısından lent kimi gəlib keçdi.

Kömək isə gəlmirdi, vaxt keçirdi, bədəni zəifləyir, gözləri qaralırdı Aydının.
O, canı, qanı ilə uğrunda vuruşduğu torpaqda şəhatətinə qovuşdu.
Bir neçə gün ərzində döyüş meydanından şəhid olanları heç cür oradan çıxarmaq mümkün olmadı, düşmən həmin ərazini minaatanlardan atəşə tutmaqla yanaşı, snayperlərdən də istifadə edərək, əsgərlərimizin irəliləməsinə imkan vermədi.

Qardaşı İlqar Bayramov: “Aydın oktyabrın 9-da Suqovşanda şəhid olub, 9 gün sonra, ayın 18-də döyüş meydanından çıxarılıb, ayın 28-də isə nəşini bizə təhvil verdilər. Mənim üçün təsəllidir ki, Aydın kimi minlərlə şəhidlərimizin, qazilərimizin böyük şücaət və igidliyi sayəsində düşmən üzərində qələbə qazandıq. Qələbənin nəticəsi bizi daha da güclü etdi və bir xalq kimi birliyimizi möhkəmləndirdi”.

Anası bu gün də Aydını gözləyir. Tərxis olunan əsgərlər barədə xəbərləri eşidəndə oğlunun da tezliklə gələcəyinə inanır. Hərbi paltarını tez-tez sinəsinə sıxaraq iyləyir, oğlunun iyini ondan almağa çalışır, onu göz bəbəyi kimi qoruyur. Çünki oğlu qalib əsgər kimi qayıdacağına söz vermişdi, uğrunda döyüşdüyü, canından çox sevdiyi torpağı düşməndən azad edilib axı...

İndi ananın gözləri hər gün kəndə gələn yolda onu axtarır. Bəzən kədərin, ağrının göz yaşları sifəti ilə axır, bunu evdəkilərdən gizlətmir. Bu onun üçün bir təsəllidir, daxili aləminin üzə vurduğu ağrının, nisgilin, oğul həsrətinin ifasdəsidir. Bəzən hər şeyin yuxu olduğuna inanır. Günlər isə bir-birini əvəz edir, ana oğlunun gələcəyinə inanır. Yuxusunda olsa belə.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Aydın Bayramov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Pünhan Əfəndiyev




: şəhid