Qorxmaz Arif oğlu Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R.İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsinə layiq görülüb. Şəhidimiz ailəli idi, bir qızı və bir oğlu yadigar qaldı.
Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurub və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərilib. 2020-ci il iyunun 26-da Q.Əlizadəyə "baş leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Ordusunun baş leytenantı Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri olduğu dəstə ilə birgə erməni separatçılarının nəzarətində olan dörd postun nəzarətə alınmasında, Ermənistan Ordusunun bir sıra hərbçilərinin əsir götürülməsində xüsusi fərqlənib. Erməni hərbçisinin əsir götürülməsi zamanı əlbəyaxa davada burnunun sınmasına baxmayaraq hospitala yollanmaqdan imtina edib. Qorxmaz Əlizadə oktyabrın 17-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəhid baş leytenant Qax rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşən Qorxmaz Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.