Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan Babək Allahverdiyev tarixi sevərək böyüdü,elə tarix yazaraq da şəhid oldu. O deyib ki, Şuşanı azad edib noyabrın 10-u doğum günü olan övladının yaşına mütləq çatacaq. Şuşanı işğaldan azad etsə də, övladının doğum gününə çata bilmədi. Ancaq bu gün anası kimi, bütün Azərbaycan onunla fəxr edir.
Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub.
Uşaqlıqdan "hərbçi olacağam” deyən şəhid Babək Allahverdiyev, uşaqlıq arzusuna da çatıb, xidmət andına da. Daim kiqboksinq və karate kimi idman növləri ilə məşğul olan Babək, əvvəl Naxçıvanski adına hərbi məktəbi, daha sonra Azərbaycan Ali hərbi məktəbini müvəffəqiyyətlə başa vurub.
Müharibə başlayan gündən Şuşanı azad edib qayıdacağam deyərək, yola düşüb. Kəşfiyyat bölük komandiri kimi Şuşaya ilk yol açanlardan biri olub. Elə noyabrın 4-ü Şuşa uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb.
Hər zəngində həyat yoldaşına deyib ki, noyabrın 10-u 7 yaşlı övladının doğum gününə qədər mütləq qayıdacaq. Övladları Bəxtiyar və Çingizin də böyüyəndə özü kimi hərbçi olmasını istəyib. Həyat yoldaşının indi tək məqsədi şəhidin bu arzusunu yerinə yetirməkdir.
Şəhid Babək Allahverdiyev ötən ilin noyabr ayının 6-da İkinci Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.