Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olan baş leytenantı Fərrux Hüseynovdur.
Hüseynov Fərrux Baxış oğlu 25 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub. 2001-2012-ci illərdə Kürdəmir rayon Rüstəm Quliyev adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətən sevgisi gənc yaşlarından onu hərbçi olmağa, Silahlı Qüvvələrimizin sıralarında qulluq etməyə ruhlandırıb.
2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2016-cı ildə Ali Hərbi Məktəbi bitirib, tank bölüyünün komandiri kimi xidmətə başlayıb. Fərrux Hüseynov 4 il nişanlı olub. Bu il toyunu etmək istəyiblər. Pandemiya və Vətən müharibəsinə görə toyu 3 dəfə ertələməli olublar.
Ötən il sentyabırın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Fizuli, Cəbrayıl, Zəngilan Qubadlı və Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib .Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, mübarizəsini davam etdirib. Fərrux Hüseynov Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib,
İkinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulur. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində şəhid olur. Kürdəmir rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Fərrux Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.