2021/04/Valeh-1619156785.jpg

line
Adı: Məmiyev
Soyadı: Valeh
Ata adı: İsbat
Doğum tarixi: 27.03.1994
Şəhid olub: 23.10.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Valeh Məmiyevdir.

Məmiyev Valeh İsbat oğlu 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində anadan olub. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, “mən komandir olacam” deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi.

Bir sözlə zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Elə bu vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı.Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi. Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar.

Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur. 2020-ci il türk-azərbaycan təlimlərində isə çox böyük qəhrəmanlıqla iştirak etmiş və təsadufi deyil ki, təlimlərin sonunda Türkiyənin Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdır.

Şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü ötən il oktyabrın 23-də Qubadlı-Laçın istiqamətində olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, Cəbrayılın, və Qubadlı rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.

***

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Məktubu Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailəsinə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çatdırıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan-Türkiyə birgə təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə naziri Valehi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırmış və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulamışdı. Valeh Hulusi Akara söz vermişdi ki, birgə təlimlərdə qazandığı uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq.

Ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə isə Türkiyənin milli müdafiə naziri Hulusi Akara onun baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu foto göstərilmişdir. Valeh Məmiyevin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin milli müdafiə nazirini də son dərəcə kədərləndirmişdi.

Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb. Hulusi Akar məktubunda yazıb: “Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib.

Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”.

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən Hulusi Akar Valeh Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Hulusi Akara təşəkkürünü bildirən şəhidin qardaşı Vüsal, son damla qanınadək döyüşərək sözünü tutan qardaşı ilə qürur duyduğunu vurğulayıb: “Hulusi Akarın ailəmizə zəng edib danışması, təşəkkürünü ifadə etməsi şəhid ailəsinə göstərilən böyük dəyərdir. Bunun üçün ona ailəmiz adından təşəkkürümüzü bildiririk. Valeh artıq Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanı kimi tanınır”.

Valideynləri vətənpərvər, qəhrəman övlad böyütdükləri üçün qürur hissi keçirdiklərini söyləyirlər.

Şəhidin atası İsbat Məmiyev deyib: “Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. Çünki oğlum Vətənini sevən, torpağını sevən bir qəhrəman idi. Vətənini sevdiyi üçün bütün döyüşlərdə qəhrəmanlıq göstərdi. Deyirdi ki, birinci Vətən, sonra ata, ana. Oğlum ölməyib. Qəlblərdə həmişə yaşayacaq”.


Şəhidin anası İlhamə Məmiyeva da Valehin qəhrəmanlığından danışaraq, oğlu ilə qürur duyduğunu söyləyib.