Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nadir Xəlilovdur.
Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini həmin kəndin məktəbində bitirib. 2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. Nadir Xəlilov sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhid gizirin Ağadadaş və Nihad adlı iki oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub