İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də tank komandiri gizir Səbuhi İbrahim oğlu Səmədovdur.
Tank komandiri gizir Səmədov Səbuhi İbrahim oğlu 23 iyun 1985-ci ildə Neftçala rayon Xıllı qəsəbəsində anadan olub. 2002-ci ildə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbi bitirib. Müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, yenidən ordu sıralarına qayıdır. 2010-cu ildə tank komandiri vəzifəsinə təyin edildikdən sonra xidmət müddətində nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və medallara layiq görülür. Aprel döyüşlərinin iştirakçısı olan Səbuhi 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Belə ki, döyüşdə mərmi Səbuhinin komandiri olduğu tankın bir metrliyinə düşür. Zərbədən tank qalxıb yerə çırpılır. Daxilindəki qəlpə öz işini görməklə bərabər, bu zərbədən də aldığı ürək travması tank komandirinin arzularını yarımçıq qoyur. Vətən müharibəsində düşmənin onlarla hərbi texnikasını sıradan çıxaran, canlı qüvvəsini məhv edən tank komandiri gizir Səbuhi Səmədov şəhid olur.
Gizir Səbuhi Səmədov Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin məğrur görünüşlü atası İbrahim Səmədov deyir ki, Səbuhi indi bütün Azərbaycanın övladıdır. “Mən bir ata olaraq onun Vətən, torpaq, xalq sevgisi ilə fəxr edirəm. Oğlumun ucaldığı şəhidlik elə bir zirvədir ki, hər kəs bu zirvəyə ucala, ölümsüzlüyü qazana bilmir. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər". Şəhidlər Vətən, millət, dövlət yolunda ölümün üzərinə gözlərini belə qırpmadan yürüyə bilirlər".
Şəhidin atası bildirdi ki, sonuncu dəfə oğlu ilə oktyabrın 7-si səhər saatlarında telefon əlaqəsi saxlayarkən böyük ruh yüksəkliyi ilə hər şeyin yolunda olduğunu, tezliklə ordumuzun düşmən işğalında olan bütün torpaqlarımızı azad edəcəyindən danışıb.
Şəhid gizirin oğlu 12 yaşlı İbrahimin hərb sənətinə, hərbi geyimə olan sevgisi sonsuzdur. Nəvəsinin xahişi ilə nənəsi şəhid atasının formalarından birini dərzidə ona uyğun düzəltdirib. İndi bu forma onun ən sevimli geyimidir. İbrahim dedi ki, bu formadan atamın ətri gəlir. "Düşünürəm ki, mən onu geyinəndə atamın ruhu da xoş olur, sevinir. Mən də böyüyəndə atam kimi hərbçi, tank komandiri olacam. Vətənimizi düşmənlərdən qoruyacam".