44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də gizir Cavid Sahratovdur.
Sahratov Cavid Əlikömək oğlu 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 1989-1999-cu illərdə Əsədabad kənd tam orta məktəbində təhsil alıb.
Şəhid tank komandiri, gizir Cavid Sahratov hələ 2016-cı ilin Aprel döyüşlərində özünü igid hərbçi kimi tanıtmış, düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını sıradan çıxarmışdı.
Cavid Sahratov 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Cavid Sahratov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Sahratov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Şəhidimizin anası Səkinə Sahratova oğullarını Vətən üçün böyütdüyünü, hər birinin hərbi xidmətdə olduğunu deyib:
“Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Sahratov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Sahratov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qeyd edək ki, Cavidin qardaşı Səbuhi də Vətən müharibəsində iştirak edib, qalan dörd qardaşı isə əsl vətənpərvər gənclər kimi tərbiyə alıblar.