Şəhid Azayev Sadiq Xubyar oğlu Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb. Atasını vaxtsız itirib. Üç bacının bir qardaşı olub. Uşaqlığı dağlarda, at belində keçib. Atasının tüfəngini fürsət tapdıqca götürüb, güllə atarmış.
Aslan Aslanov adına orta məktəbdə təhsil aldıqdan sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Cəsarətli Sadiq 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Beyləqan rayonunda Haramı düzündə 3 ildən çox xidmət edib. Vətən müharibəsinə komandir kimi qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə şəhadətə ucalıb. Silahdaşlarının sözlərinə görə, Sadiq onları mühasirədən çıxarıb, özü isə şəhadət şərbəti içib.
Döyüş yoldaşı danışırlar ki, Sadiq yeganə insan olub ki, minamyotu səngərin içində qoydurub, ermənilərə atıb: “Döyüş vaxtı bizi ayırdılar, aramızda 100 km. məsafə vardı. Deyirdi ki, qoyma, əsgərlərə nə isə olsun”.
Sadiqin həyatını xilas etdiyi silahdaşlarından biri nəql edir: “Mən yaralananda Sadiq başımın üstə durub, qışqırırdı ki, təxliyə harda qaldı axı? Onun səyi nəticəsində yardım gəldi, məni çıxartdılar. Heç vaxt yadımdan çıxmaz".
Şəhidin bacısı Mələk xanım deyir ki, o, müharibə zamanı ailəsi ilə danışmayıb: “Fikri bizdə qalar, kövrələrik deyə əlaqə yaratmırdı. Təkcə bibim oğlu ilə əlaqə saxlayıb. Son dəfə deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam. İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın. Dediyi kimi də olub. Çox şücaətlər göstərib. Qardaşımgilin yaxınlığında digər posta düşmən basqın edib, mühasirəyə salıb. O, təkbaşına çıxıb və ordakıların dadına yetişib. Ona deyiblər ki, getmə, onların vəziyyəti çox pisdir. Təkbaşına nə edəcəksən? O isə qulaq asmayıb. 20-dən çox əsgəri ölümdən qurtarıb.
Həmin əsgərlər söyləyir ki, Sadiq gəlməsə, onları minamyotla vuracaqdılar və heç biri sağ qalmayacaqdı. Minamyotçu ermənini və daha bir neçəsini vurub. Açıq, üzbəüz döyüşdə, neytral zonada 6 metrlik məsafədən başından güllə yarası alıb.
Bunlar onun döyüş yolunun sadəcə cüzi hissəsidir. Amma hamı deyir ki, Sadiq əvəzolunmaz insan idi. Döyüş yoldaşlarına, əsgərlərinə qarşı həssaslığı hər adamda olan bir xüsusiyyət deyil. Əsgərləri şəhid olmasın deyə özünü sipər edib. ”.
Mələk xanım deyir ki, Sadiqlə döyüşənlərin əksəriyyəti şəhadətə yüksəlib: “Bir neçəsi də yaraldır və müalicə alırlar. Sağaldıqca anamı ziyarətə gəlirlər, qardaşımın məzarı üstə gedirlər”.
Sadiq Azayev ölümündən sonra “Vətən uğrunda” , "Cəsur döyüşçü" , "Döyüşdə fərqlənməyə görə" , "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.