Rafael Əliyev Oruc oğlu 1984-cü il mayın 24-də Horadiz şəhərində anadan olub. 1991-2002-ci illərdə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəb dövründə idmanın karate növü ilə məşğul olan Rafael diplom və sertifikatlara layiq görülüb. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra bir müddət mülki işlərdə çalışsa da Rafaelin daxilindəki vətənpərvərlik hissi onu 2016-cı ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq kəşfiyyatçı kimi fəaliyyətini davam etdirməyə sövq edib. Şəhidimizin 15 illik ailə həyatından 2 qız övladı Vətənə əmanət qalıb.
Orduda çavuş olan Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub, Horadizdə dəfn edilib.
Rafael sentyabrın 28-də sonuncu dəfə qardaşıyla telefonda danışıb. Hər şeyin yaxşı olduğunu deyən Rafael, Qarabağı azad edəcəklərini bildirib...
Vətənə borcunu son damla qanına qədər ödədiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Şəhid Rafael Oruc oğlu ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.