Cavid Əmirxan oğlu Qarayev 05.09.1984-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Uşaqlıq illərini də elə cəbhəyanı rayonda keçirərək Vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarından torpağa, vətənə bağlı olması ilə seçilib.
1990-cı ildə Kərimbəyli kəndindəki Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2002-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. 2004-ci ilin yanvar ayında xidmətini başa vurub.
2006-cü ildə ailə qurub və iki övladı - Sənan və Pünhan dünyaya gəlib. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akedemiyasına qiyabi qəbul olub. 2011-ci ildə oranı bitirib.
2016-cı il Aprel döyüşlərindən sonra öz istəyi ilə müraciət edərək müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanıb. Nizam- intizamı ilə seçilən Cavid çavuş kimi manqa komandiri vəzifəsinə yüksəlib.
Vətən müharibəsi zamanı əks hücumlarda Cavid və manqası ön sıralarda döyüşə qoşulub. Füzuli , Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə qorxmazlığı ilə seçilən Cavid əsl qəhrəman kimi döyüşərək torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərib, manqası ilə birlikdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını zərərsizləşdirib. Oktyabr ayının 26-da gərgini döyüşlər zamanı Cavid şəhid olub.
Ölümündən sonra Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamına əsasən "Füzulinin işğaldan azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.