Əsədov Anar Rafiq oğlu 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1989-cu ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə daxil olan Anar hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilib. 1990-cı illərdə erməni vəhşiliyinə hələ yeniyetmə çağlarında şahid olan Anar düşmənə qisas hissi ilə yaşayıb. 2001-ci ildə həqiqi hərbi xidmətə yola düşən Anar hərb sirlərinə peşəkarcasına yiyələnib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işdə çalışsa da, Vətən harayı Anarı hərbçi olmağa səsləyib.
Anar Əsədov ailəli idi, dörd övladı yadigar qalıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əsədov sentyabrın 28-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra
"Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə"və"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.