Ağayev Ramiq 1992-ci ilin 12 fevralında Astara rayonu Səncərədi kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib. E. Ağayev adına Səncərədi tam orta məktəbində təhsil alıb. 2009-cu il həmin məktəbdən məzun olub. Şagird kimi də fəallığı, bacarığı, məsuliyyəti, özünə qarşı tələbkarlığı ilə seçilib. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirib. Şagird və müəllim kollektivinin sevimlilərindən olub. İdmanı sevib. Məktəblər arasında keçirilən idman yarışlarında, "Cəsurlar” və "Şahinlər” hərbi oyunlarında həmişə məktəbinə uğur qazandırıb. Uşaqlıqdan tankçı olmaq istəyib və olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin "Gizir hazırlığı hərbi kursu”nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbiçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il aprel döyüşlərində igidlik göstərib. O vaxtdan da hər gün savaşın başlanmasını arzulayıb. Qisas almaq, torpaqlarımızı azad etmək fikri başından çıxmayıb. İgidliyi dastan olan Pəncəli Teymurov idealına çevrilib.
Sentyabrın 27-də döyüş yoldaşları, qorxmaz tankistlərimizlə birlikdə qələbəyə inamla düşmən istehkamlarını dağıdıb. "Öldü var, döndü yoxdu” tez-tez işlətdiyi ifadə idi deyir döyüş yoldaşları. Hansı kənd uğrunda döyüşə gedirdiksə, belə deyirdi. Cəbrayıl uğrunda amansız döyüşlər idi. Elə bil Ramiqi tuşlamışdılar. Raketlə vurdular tankını.
Yanan tankını tərk etməyib Ramiq. Yenə "öldü var, döndü yoxdu” deyib. Onu yanan tankdan güclə çıxarıblar.
Ramiq hərbi texnikadan istifadəyə, düzgün idarə etməyə görə fərqlənib. Düşmən tanklarının səddini yarıb, neçə hərbi texnikasını, canlı qüvvəssini məhv edib.
Elməddin Əbilov da tankçıdır. Bu ağır döyüşlərdə o da yaralanıb: "2015-ci ildən Ramiqlə birlikdə Bakıda N saylı hərbi hissədə xidmət etmişik. Yaxın dost demək azdı, qardaş idik. Həmişə "Pəncəli Teymurovun qisasını alacağam. Bir gün bütün şəhidlərin qisasını alacağam” deyirdi. Sürücü-mexanik kimi öz işinin ustası idi. Peşəkarlığına söz ola bilməzdi. Savaşa da birlikdə qatıldıq. Bütün hücumlarda birinci idi. Ölümdən qorxmurdu. Bilirdi ki, düşmən öndə gedən tankları mütləq vurmağa çalışır.
Bilirdi ki, vurulacaq, amma elə irəliləyirdi ki, qarşısına keçmək olmurdu. Hamımıza ruh verirdi. Ramiqdən bir-neçə gün sonra yaralandım, bir yerdə müalicə alırdıq. Həkimlər nə qədər çalışsa da kömək edə bilmədilər... Taleyində şəhidlik varmış..."
Döyüş yoldaşları yanan tankdan Ramiqi çətinliklə çıxara biliblər. Saatlı hospitalına çatdırıbar. Vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 13 gün həyata qaytarmağa çalıışsalar da, onu xilas etmək mümkün olmayıb. Son dəfə anası Mehriban xanımla danışıb: "Ana, sən məni bir dəfə Astarada dünyaya gətirdin. Mən ikinci dəfə Cəbrayılda doğuldum. Allah məni sənə hədiyyə etdi",- deyir.
"Balam şəhid kimi doğulmaq arzusuna qovuşdu”,- deyir anası.
3 oğul atasıydı Ramiq: Şahin, Təbəssüm və Bəxtiyar. Oğlanlarını "Vətən əsgəri” çağırarmış. Ramiq xanımı İranəyə hər zəngində "Özündən muğayat ol. Oğlanlarımı sənə əmanətdi. Möhkəm ol” deyirmiş.
Həyat yoldaşı
İranə xanım doymadığı sevgiylə danışır: "Şəhid olacağını hiss etmişdi elə bil. Hər dəfə "möhkəm ol!" deyirdi. Çox qayğıkeş idi, çox. Oğlanlarını oxutmaq istəyirdi. Onun arzularını özüm yaşadacağam. Bilirəm, asan olmayacaq. Amma Ramiqin adına layiq oğullar olacaq. Ataları kimi mərd, igid, dürüst, vətənsevər olacaqlar. Hazırda iki oğlum "Kaspi" kurslarının Lənkəran filialına gedirlər. Sağ olsunlar, özləri bizi tapdılar, maşın da ayırıblar. Uşaqlara orda ödənişsiz hazırlıq keçirlər. Onlardan çox razıyam. Heydər Əliyev fondu, Yaşat fondu dəstək olub. Övladlarıma təqaüd verilir. Dövlət yardımı da olub. Ev növbəsinə də götürüblər. Ölümündən sonra da qayğımıza qalır... Bircə Ramiqin yoxluğuna alışa bilmirəm..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra Texnikanı döyüş meydanında düzgün manevrlə idarə etdiyinə görə “Vətən uğrunda" medalı və"Cəbrayıl rayonlarının azad olunmasına görə" medalı ilə təltif olunub.