Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Şəhid Çoban Nurmətovdur.
Nurmətov Çoban Razəddin oğlu 23 noyabr 1984-cü ildə Qusar rayonu Cibir kəndində doğulub. Orta məktəbi həmin kənddə oxuyub. Sonra 2 il Hərbi dəniz qüvvələrində xidmət edib. Həqiqi hərbi xidmətdən sonra hərbiyə olan həvəsi üstün tutaraq gizirlik kurslarına yazılıb və hərbidə "gizir" rütbəsində xidmətə başlayıb. Xidmətin ilk günlərini Naxçıvan Muxtar Respublikasından başlayıb. Nurmətov Çoban 10 il Naxçıvanda xidmət edib. Naxçıvanda xidmət edərkən neçə- neçə Fəxri fərmanlar, diplomlar və medallarla təltif olunub. Həmin vaxt Çoban Nurmətov subay olub, aldığı maaşına xidmət etdiyi posta işıq çəkib, 1 sözlə şərait yaradıb. Naxçıvanda Rəşad Aslanov, Tehran Məhsimov kimi qəhrəmanlarla xidmət edib.
Çoban Nurmətov 10 il Naxçıvanda xidmət etdikdən sonra Qusar rayonuna qayıdır və ordakı N/saylı hərbi hissədə xidmətini davam etdirir. O, 6 ilə yaxın Qusarda xidmət edir. Qusara qayıdandan sonra Nurmətov Çoban Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsində də Baş gizir Nurmətov Çoban elə ilk gündən iştirak edərək mərdliklə döyüşüb. Döyüş vaxtı neçə- neçə yaralını xilas edib.
Baş gizir Nurmətov Çoban "Kəşfiyyatın ürəyi" ləqəbi almışdı. O, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Füzulidə gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Hətta Şuşa şəhərinin alınması uğrunda gedən döyüşlərdə vuruşub. Baş gizir Nurmətov Çoban 23 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Həmin gün o, maşın sürürmüş , maşında deyilənə görə 30-33 nəfər şəxsi heyət olub. Birdən atışma başlayıb, Nurmətov maşındakı şəxsi heyətin hamısını düşürdərək maşını tək idarə etməyə başlayıb. Bir neçə dəfə hətta düşmən atəşindən yayınıb, buna baxmayaraq baş gizir Çoban Nurmətov düşmən atəşinə tuş gəlib. İdarə etdiyi maşın vurularaq partladılıb.
Baş gizir Çoban Razəddin oğlu Nurmətov istiqanlı və mehriban olması ilə hamının sevgisini qazanmışdı. Valideynlərinə qarşı diqqətcil olan Çoban öz ailəsinə hədsiz bağlı idi. Sevib evləndiyi Əfsanə ilə bərabər 4-cü övladının doğulacağı günü səbrsizliklə gözləyirdi.
Təltifləri:
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2008)
— "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2015)
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2013)
—"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2020)
— "Vətən uğrunda" medalı (ölümündən sonra) (15.12.2020)
— "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020)
— "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021)
— "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021)
— "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021)