Zabit kimi xidmətini davam etdirmək arzusunda olan Türkay Hüseynli 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi alan Türkay zabit kimi ilk olaraq qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevralınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Yüksək döyüş hazırlığı, nümunəvi və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Türkay Hüseynli xidmət etdiyi dövrdə iki dəfə Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında gizir və zabit komandir təməl kurslarında təhsil alıb. 2019-cu ilin iyulundan etibarən Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.
3 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın etdi. Ermənilərin xeyli sayda canlı qüvvəsi, eləcə də 8 tankı və 1 topu məhv edildi. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüş zamanı erməni snayperinin açdığı atəşi nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu. Bu döyüşdə cəsur komandirlə birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçuları – çavuş Məmmədov Elvin Tərlan oğlu və əsgər Abasov Ayaz Nizami oğlu da qəhrəmancasına həlak oldular. Kapitan Türkay Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Prezidentinin sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də şəhid kapitan Türkay Nizami oğlu Hüseynlidir. O, həmçinin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb.
Şəhid zabitimizin atası Nizami Elyanar Göyçəvi 8 kitabın müəllifidir. O, Türkay kimi şəhid oğullarımızla qürur duyduğunu deyir:
“Türkayla sonuncu dəfə oktyabrın 2-də saat 18:20-də danışmışdıq. Özü zəng etmişdi. Dedi ki, problem yoxdur, hər şey yaxşıdır. Özünüzdən muğayat olun, məndən nigaran qalmayın.
Müharibəyə yoldaşları ilə birgə xüsusi igidlik göstəriblər. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər, texnikalarını ələ keçiriblər. Həmin döyüşdə oğlum Türkay şəhid oldu...”
Şəhidliyin oğlu üçün sanki bir amal, əqidə yolu olduğunu deyən Nizami müəllim xatırlayır:
“Üç il bundan əvvəl, Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində xidmət etdiyi vaxt məzuniyyətə gəlmişdi. Gəlib yanımda oturdu. Nədənsə belə bir fikir səsləndirdi: “Şəhidlik məqamına yüksəlmək lazımdır”. Düzü, başım qarışıq olduğundan, həmin vaxt bu sözü nə üçün dediyinə fikir vermədim. O da daha heç nə demədi. Lakin indi başa düşürəm ki, sən demə, bu müqəddəs zirvəyə yüksəlmək onun həyat amalı idi...
Qüsursuz və nümunəvi xidmətinə görə vaxtından əvvəl ona kapitan hərbi rütbəsi vermişdilər. Hələ evlənməmişdi. Noyabrın 25-də 30 yaşı tamam oldu. Mənim oğlum sağdır, ölməyib, şəhidlər ölmürlər... ”.
Şəhid atası Nizami müəllimin qeyd etdiyi kimi, həqiqətən də şəhidlər ölmürlər. Vətən uğrunda canını qurban verən Türkay kimi igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.