Rəşad Əmiralı oğlu Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Orta təhsilini kənd məktəbində aldıqdan sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Hərbi məktəbi bitirdikdən sonra bir il təlim keçib. Naxçıvan MR-nın Culfa rayonunda N saylı hərbi hissədə xidmət edib.
Kapitan Rəşad Əliyev sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görüüb. Şəhidimiz ailəli olub, Zəhra adında bir qızı və Tunar adında bir oğlunu bizlərə əmanət qoyub.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Ərəbqardaşbəyli kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Şuşa və Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.